İnfantinonun rəhbərlik edəcəyi gizli planın detalları açıqlandı!
FIFA-nın dünya çempionatları da daxil olmaqla, təşkilatın turnirlərinin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planının yeni detalları üzə çıxıb.
TodayPress TV xəbər verir ki, Britaniyanın “The Times” nəşri bu təşəbbüslə bağlı yeni məlumatlar yayıb. Geniş tənqidlərdən sonra layihədən imtina edildiyi bildirilir.
Söhbət “FIFA Forward Enterprise” (FFE) adlı layihədən gedib. Onun əsas məqsədi FIFA turnirlərinin, o cümlədən dünya çempionatının bəzi kommersiya hüquqlarını özəl investorlara ötürmək olub. İyul ayında ABŞ-nin “JP Morgan” bankı tərəfindən hazırlanmış layihənin 25 səhifəlik təqdimat sənədi ictimaiyyətə məlum olub. Qeyd edək ki, bank daha əvvəl uğursuzluqla nəticələnən Avropa Superliqası layihəsində də iştirak edib.
Plana əsasən, yaradılacaq yeni şirkətin səhmlərinin 20 faizinin amerikalı investor Coşua Kuşnerə satılması nəzərdə tutulub. Bununla belə, FIFA FFE-də ən azı 50 faizlik payını özündə saxlamağı planlaşdırıb.
Mənbənin məlumatına görə, investorların gəlir əldə etmək imkanları uzunmüddətli dövr üçün nəzərdə tutulub. Belə ki, onlar turnirlərdən 96 il ərzində gəlir götürə bilərdilər. İlkin sxem 12 illik hüquq dövrünü əhatə edib. Müqavilə şərtlərinin ciddi şəkildə pozulmadığı halda bu müddət növbəti dövrlər üçün uzadılmalı idi.
Layihəyə əsasən, FFE yaradıldıqdan səkkiz il sonra şirkətin səhmlərinin ilkin kütləvi təklifi (IPO) həyata keçirilə bilərdi. Bu, direktorlar və səhmdarlara öz paylarını sataraq gəlir əldə etmək imkanı yaradacaqdı. Bundan əlavə, FFE rəhbərliyinə şirkətin mənfəətinin 5 faizdək hissəsinin ödənilməsi nəzərdə tutulub.
Layihənin idarəetmə strukturu da əvvəlcədən müəyyənləşdirilmişdi. FFE-nin direktorlar şurasının yeddi nəfərdən ibarət olması, quruma isə FIFA prezidenti Canni İnfantinonun rəhbərlik etməsi planlaşdırılıb. İnfantinonun həlledici səs hüququna malik olacağı, şuraya həmçinin FIFA-nın baş katibinin daxil ediləcəyi bildirilib.
Namiq HUN