Yüz il əvvəl İstanbulda yeganə nüsxəsi tapılan əsər türk tarixində inqilab etdi
Yazıçı, filologiya üzrə fəlsəfə doktoru Qismət Rüstəmov 1914-cü ildə İstanbulun Bukinistlər meydanında Kaşqarlı Mahmudun dünyaca məşhur “Divani lüğət it-türk” əsərinin yeganə nüsxəsinin tapılması və nəşri ətrafında baş verən maraqlı hadisələrdən bəhs edib.
TodayPress TV xəbər verir ki, o, bu əhvalatda həm kitab aşiqi Əli Əmiri Əfəndinin fədakarlığını, həm alimlərin əsərə duyduğu ehtirası, həm də dönəmin dövlət xadimlərinin mədəniyyətə münasibətini diqqətə çatdırıb.
Hadisənin başlanğıcında Əli Əmiri Əfəndinin bukinist Burhan bəyin dükanında nadir əlyazma ilə qarşılaşması və qiymət sövdələşməsi dayanır.
"Əli Əmiri Əfəndi özünü o yerə qoymur, bəzi səhifələrin kəm olmağından dəm vurub qiyməti salmağa çalışsa da, bukinist yola gəlmir ki, gəlmir! Deyir ki, əfəndi, bu əlyazmanın bir əhvalatı var. Bunu mənə keçmiş maliyyə naziri Nazif paşanın qohumu olan yoxsul bir qadın gətirib; paşa ölməmişdən qabaq əlyazmanı qadına əmanət edəndə deyib ki, çətinə düşsən, bunu satarsan, amma nəbadə 30 qızıldan ucuza verəsən!”
Fəlsəfə doktoru bildirib ki, o dövrdə orta məmurun maaşı ən çox 5 qızıl lirə olduğu halda, Əli Əmiri Əfəndi həm əsərin dəyərini, həm də yoxsul qadının vəziyyətini nəzərə alaraq razılaşır. Cibində 15 lirəsi olan Əli Əfəndi əlyazmanın əldən çıxmaması üçün Bəyazıt meydanına qaçır, Darülfununun müdiri, dostu Faiq Rəşad bəydən 20 lirə borc alır, kitabı 30 lirəyə satın alır və bukinistə 3 lirə bəxşiş verir.
Əlyazma əldə edildikdən sonra Əli Əmiri Əfəndi onu hamıdan qorumağa başlayır, yalnız etibarlı dostu, dilçi alim Kilisli Rıfat Əfəndiyə göstərir. Rıfat Əfəndi iki ay ərzində əsəri üç dəfə oxuyur, qarışıq vərəqləri qaydaya salır və nüsxənin tam olduğunu müəyyənləşdirir. Əsərin sorağı yayıldıqca Ziya Göyalp və Fuad Köprülü kimi görkəmli simalar onu çap etdirmək istəsələr də, Əli Əfəndinin razılığını ala bilmirlər.
Yazıçı Ziya Göyalpın Kilisli Rıfat Əfəndiyə müraciətindən də bəhs edib:
"Ziya Göyalp bir gün Kilisli Rıfat Əfəndiyə deyir ki, mən sevda nədir bilməzdim, amma üzünü görmədiyim bu kitabdan ötrü yuxum ərşə çəkilib, bir çarə tap, dostunu yola gətir.
Əsərin nəşrinə razılıq almaq üçün Sədrəzəm Tələt paşanın xahişi vasitə olur. Ədliyyə naziri İbrahim bəyin evində qurulan məclisə Əli Əmiri Əfəndi dəvət edilir və Tələt paşa dostları ilə guya “təsadüfən” ora gəlir. Baş nazirin böyük ehtiramla Əli Əfəndinin əlini öpməsi və nəzakəti kitab aşiqini yumşaldır; o, əsərin çapına yalnız onu Kilisli Rıfat Əfəndinin hazırlaması şərti ilə razılıq verir.
Əlyazmanı çapa hazırlamaq məsuliyyətini üzərinə götürən Kilisli Rıfat bəy isə onu təhlükəsiz yerdə saxlamaq üçün çətin sınaqdan keçir. Heç bir qurum və ya tanış məsuliyyəti almaq istəmədiyindən çantanı evdə divardan asır, uşaqlarını növbə ilə keşikçi qoyur, yanğın baş verərsə ilk olaraq həmin çantanın çıxarılmasını tapşırır, gecələr isə çantanı yastığının altına qoyub yatır. Nəhayət, bir il yarımdan sonra əsər üç cilddə işıq üzü görür".
Yazının təsirli məqamlarından biri kitab çapa hazırlanarkən Sədrəzəm Tələt paşanın Əli Əmiri Əfəndiyə göndərdiyi 300 qızıl lirəlik hədiyyə ilə bağlıdır. Əli Əfəndi bu məbləği qəbul etmir və paşaya göndərdiyi ismarıcla tarixə düşür:
"Lütfünüzə təşəkkür edirəm, amma pulu götürə bilmərəm. Əgər götürsəm, vətənə, millətə etdiyim kiçik bir xidmətə görə pul almış olacam. Bu, vicdanıma ağır gələr. Pulu sizə qaytarıram, onu ehtiyacı olan bir neçə yoxsul ailəyə versəniz, həm bəndəniz minnətdar olaram, həm də Allah razı qalar. Qoyun bu sədəqənin adı da “Divani lüğət it-türk” sədəqəsi olsun", - deyə Qismət Rüstəmov qeyd edib.
Türkan İsgəndərli