Qalibafdan Vaşinqtona xəbərdarlıq: "Bu şərtlər yerinə yetirilməsə..."
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin son müharibə zamanı İrana Vyetnam müharibəsinin 20 ili ərzində istifadə ediləndən daha çox hərbi sursat atdığını iddia edib.
TodayPress TV xəbər verir ki, Qalibafın sözlərinə görə, bütün bombardmanlara baxmayaraq, ABŞ İranı təslim olmağa məcbur edə bilməyib.
O, qarşı tərəfin çoxsaylı “Patriot” raketlərinə baxmayaraq, hava hücumundan müdafiə sistemində boşluqların yarandığını bildirib.
İran parlamentinin sədri ölkəsinin hərbi imkanlarının əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, 1980-ci illərdə İraqla müharibə zamanı İranın effektiv atəş məsafəsi təxminən 15 kilometr olduğu halda, hazırda vəziyyət fərqlidir.
“Bu gün elə bir mərhələyə çatmışıq ki, döyüş meydanının coğrafiyasını biz müəyyən edirik”, – deyə Qalibaf bildirib.
O, son müharibədə İranın 230-dan çox düşmən pilotsuz uçuş aparatını məhv etdiyini də iddia edib.
Qalibaf ABŞ ilə danışıqlar məsələsinə də toxunaraq, İranın irəli sürdüyü yeddi şərt yerinə yetirilməyənədək danışıqların başlamayacağını bəyan edib.
Qeyd edək ki, Qalibafın səsləndirdiyi hərbi göstəricilər və itkilərlə bağlı rəqəmlər müstəqil şəkildə təsdiqlənməyib.
Türkan İsgəndərli