Qlobal bazarlar üçün müsbət siqnal: Onlar razılaşdılar!
Təhlil
12.02.2026 20:58
Vaşinqton və Pekin razılaşdırılmış ticarət müqaviləsinin müddətinin bir ilə qədər uzadılmasını nəzərdən keçirirlər.
Bəs müddətin uzadılması ABŞ-Çin münasibətlərində sabitləşmə mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər? Bu uzadılma qlobal bazarlara, inkişaf etməkdə olan ölkələrə necə təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli TodayPress TV-yə danışarkən bildirib ki, razılaşmanın bir il uzadılması tam normallaşma deyil, lakin gərginliyi idarəolunan mərhələyə keçirə bilər.

“Ticarət razılaşmasının müddətinin bir il uzadılması ABŞ-Çin münasibətlərində tam normallaşma demək olmasa da, gərginliyin idarəolunan mərhələyə keçdiyini göstərə bilər. Tariflərin azaldılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması qarşılıqlı iqtisadi asılılığın hələ də güclü olduğunu və tərəflərin tam iqtisadi ayrışmada maraqlı olmadığını nümayiş etdirir", - deyə o izah edib.
Ekspertin fikrincə, bu addım daha çox praqmatik sabitləşmə siqnalıdır, lakin strateji rəqabət xüsusilə texnologiya, yarımkeçiricilər və təhlükəsizlik sahələrində davam edəcək.

Onun sözlərinə görə, qlobal bazarlar üçün belə uzadılma müsbət siqnal ola bilər:
"ABŞ və Çin dünya iqtisadiyyatının ən böyük iki aktoru olduğuna görə, aralarındakı ticarət müharibəsi risklərinin azalması investor inamını artıra, fond bazarlarında sabitlik yarada və təchizat zəncirlərində qeyri-müəyyənliyi azalda bilər. Xüsusilə xammal, enerji və sənaye məhsulları bazarlarında qiymət dəyişkənliyi nisbətən zəifləyə bilər”.
A. Nəsirli əlavə edib ki, inkişaf etməkdə olan ölkələr üçün təsir daha mürəkkəbdir. Bir tərəfdən, qlobal ticarətin sabitləşməsi ixracatçı ölkələr üçün yeni imkanlar yarada və kapital axınlarını gücləndirə bilər. Digər tərəfdən, ABŞ və Çin arasında münasibətlərin yumşalması bəzi ölkələrin alternativ təchizatçı kimi qazandıqları üstünlükləri zəiflədə bilər:
"Məsələn, son illərdə istehsalın bir hissəsi Çindən Cənub-Şərqi Asiya və digər regionlara yönəlmişdi ki, münasibətlərin sabitləşməsi bu tendensiyanı ləngidə bilər”.
İqtisadçı hesab edir ki, ümumilikdə, razılaşmanın uzadılması qlobal iqtisadiyyat üçün qısamüddətli sabitlik və risklərin azalması deməkdir. Lakin bu, iki ölkə arasındakı strateji rəqabətin sona çatması deyil, daha çox iqtisadi qarşıdurmanın idarə olunması mərhələsidir.
Qeyd edək ki, mövcud ticarət razılaşmasına görə, ABŞ Çinə qarşı tarifləri 10% azaldıb və 47%-ə endirib, bəzi Çin şirkətlərinin məhsullarının ABŞ-yə tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Aysel Mətləb
tag: ABŞ,Çin,Akif Nəsirli,Qlobal bazar,Ticarət,Müqavilə,Todaypress.tv,
