Gündüz istisindən qaçış: Lyuis Hemilton gecə Qran-prilərinin çoxalmasını istəyir!
"Ferrari” komandasının pilotu və yeddiqat “Formula-1” çempionu Lyuis Hemilton çempionat təqvimində gecə Qran-prilərinin sayının artırılmasını təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
Təcrübəli pilot gecə yarışlarını çox sevdiyini və onların xüsusilə isti iqlimə malik regionlarda özünü çox yaxşı doğrultduğunu qeyd edib:
“Gecə yarışlarını sevirəm. Bəhreyn yarışının ilk dəfə ideya olaraq ortaya çıxdığı vaxtları xatırlayıram. Həmin vaxt hələ “Maklaren”də çıxış edərkən trası simulyatorda sınaqdan keçirirdik. Orada işıqlandırma həqiqətən də möhtəşəm alındı, daha sonra gecə yarışları digər yerlərdə də peyda oldu”.
O, Qətər kimi bölgələrdə günortanın qızmar vaxtında yarış keçirməyin təkcə azarkeşlər deyil, bütün padok işçiləri üçün əsl sınaq olduğunu vurğulayıb. Həmçinin Madrid şəhərindən danışan Hemilton gündüz hər şeyin gözəl görünməsinə baxmayaraq, gecə vaxtı həmin trasın da əla görünə biləcəyini və bir çox digər avtodromların bundan qazana biləcəyini qeyd edib.
Namiq HUN