Putindən ermənilərə kəc sözlər: Baxın da, kimi seçirsiniz... - qarşıdurmanın mesajı verildi
Təhlil
11.05.2026 11:32
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa Birliyi (Aİ) ilə bağlı strateji hədəflərinə dair dolayı xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, Rusiya prezidenti Ermənistanın Avropa İttifaqına inteqrasiya planlarını “xüsusi diqqət tələb edən məsələ” kimi qiymətləndirib.
Kremlin siyasi leksikonunda bu ifadə adətən Moskvanın prosesi yaxından izlədiyini və mümkün risklərə hazırlaşdığını göstərir.
Putin mayın 9-da jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Rusiya Ermənistan xalqına fayda verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. Bununla yanaşı, o vurğulayıb ki, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma planları “xüsusi müzakirə” tələb edir.
O, Ermənistanı yaxın perspektivdə Avrasiya İqtisadi İttifaqı və ya Avropa İttifaqı arasında strateji seçim etməyə çağırıb və bu məsələ ilə bağlı referendum keçirilməsini məntiqli addım kimi dəyərləndirib.
Bəs “Sivil ayrılıq”, yoxsa Ukrayna ssenarisi?
Rusiya prezidenti qeyd edib ki, əgər erməni xalqı Aİ-yə inteqrasiyanı dəstəkləsə, bu halda Rusiya ilə “sivil və qarşılıqlı faydalı ayrılıq” prosesi başlaya bilər. Eyni zamanda, o, Ukraynada baş verən hadisələrə işarə edərək, Avropa İttifaqına yaxınlaşmanın ciddi geosiyasi nəticələr doğura biləcəyini dolayı şəkildə xatırladıb.
Putin həmçinin bildirib ki, Aİ və AİB kimi fərqli gömrük və iqtisadi birliklərdə eyni vaxtda iştirak texniki və hüquqi baxımdan mümkün deyil.
Kremlin narahatdır...
Kreml rəsmiləri Ermənistanın son dövrlərdə Avropa strukturları ilə əməkdaşlığını, xüsusilə Avropa Siyasi Birliyinin sammitlərində fəal iştirakını diqqətlə izləyir. Nikol Paşinyan hökumətinin Qərbə inteqrasiya istiqamətində atdığı addımlar Moskva tərəfindən Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi kimi qiymətləndirilir.
Rusiya rəsmiləri Ermənistanın suveren seçim hüququna hörmət etdiklərini bildirsələr də, bu qərarın iqtisadi və təhlükəsizlik sahələrində müəyyən nəticələr doğura biləcəyini açıq şəkildə ifadə edirlər. Ermənistanın Rusiya bazarından, enerji resurslarından və hərbi əməkdaşlıqdan hələ də ciddi asılılığı mövcuddur.
Analitiklərin fikrincə, Kremlin istifadə etdiyi “xüsusi diqqət” ifadəsi artıq geosiyasi təzyiq elementlərinin aktivləşdiyini göstərir. Bəzi rusiyalı ekspertlər bunu “son xəbərdarlıq” kimi dəyərləndirirlər.
Ermənistanın Avropa İttifaqına yaxınlaşması regionda nüfuz uğrunda rəqabəti yeni və daha həssas mərhələyə keçirə bilər. Rusiya ilə münasibətlərin daha da soyuması halında İrəvana qarşı iqtisadi və siyasi təsir mexanizmlərinin işə salınması ehtimalı istisna edilmir. Bu isə Cənubi Qafqazda yeni geosiyasi balansın formalaşmasına səbəb ola bilər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə cavab olaraq bildirib ki, ölkə Aİ və AİB arasında strateji seçimini “uyğun vaxt yetişəndə” edəcək. Bu açıqlama İrəvanın Qərblə əməkdaşlıq kursunu davam etdirmək niyyətini bir daha göstərir.
Putinin mesajı kifayət qədər aydındır — Ermənistan strateji seçim etməlidir. Bu qərar isə təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi və geosiyasi mənzərəsi üçün uzunmüddətli nəticələr doğura bilər.
Jalə Rövşən
tag: Vladimir Putin ,Ermənistan ,Avropa Birliyi ,Avrasiya İqtisadi İttifaqı ,Todaypress.tv,
