Paşinyanı rəzil edən adam – Mütəllibovun son xidməti
Təhlil
13.05.2026 12:11
1990-cı ilin Yanvar hadisələrinin xronoloji təhlildən çox mahiyyətcə izahına ehtiyac var.

Şübhəsiz ki, SSRİ bütün təminatı ilə mövcud və güclü idi, sadəcə 1988-ci ildə başlayan Meydan hərəkatı Azərbaycan xalqını tamamilə yeni ideoloji-siyasi mərhələyə daşımışdı.
Bunu da unutmaq lazım deyildi ki, Homo Sovetus olaraq yetişdirilən Azərbaycan Sovet xalqı ideoloji baxımdan rejim proqramına tam uyğun yetişdirilsə də, meydanda yaşananlardan sonra xalq artıq yeni baxışlara ehtiyac duyurdu. Çünki o dövrün Azərbaycan əhalisi olduqca mükəmməl məktəb təhsilini tamamlamış, yüksək mədəni – intellektual səviyyəyə malik idi deyə, baş verənləri dərhal anlamış, nəticə çıxararaq yeni istiqamətlər axtarırdı.
O dövrün ictimai instinkti induktiv mənada liderlərin simasında özünü tapmadı.
Şübhəsiz ki, meydanda tribunalar vardı və onlar boş qalmadı. Lakin ictimai sifarişin gözləntisi və sifarişi xırda liderlərin pafosu altında itib – batmağa niyə möhtac idi? Bu da tarixin başqa bir dilemmasıdır, digər mühüm bir detal mitinq liderlərinin ictimai-siyasi çevrədən yox, ədəbi-mədəni, elmi çevrələrdən olması idi.
O dövrdə Edgar Savisaar, Dainis İvaniş kimi siyasətdən gələn liderlərin olduğu oxşar respublikalarda hədəf və kadrlar daha dəqiq idi.
Gürcü yazıçısı, millətçisi Zviadı çıxmaqla Levon – Ter – Petrosyan Moskvada Şərqşünas olmamışdan qabaq da doğulduğu Hələbdə gəncliyini savaşlara həsr etmişdi.

20 Yanvar Faciəsinin mahiyyəti isə məlumdur: daxili xüsusi xidmət orqanları ilə SSRİ hərbi – gizli rəhbərliyi siyasi hökmü icra edərək, xalqa amansız divan tutdular.
Proses üçün, müdaxilə üçün daxildə şərait yetişdirilmişdimi?
Bu sual da öz cavabını zaman keçdikcə tapır.
Vəzirov bəsirətsizliyinin Mütəllibov səriştəsizliyinə çevrilməsi ölkə üçün yaxşı nəsə gətirmədi.
Amma tarix üçün, tarixin sosiologiyası üçün əla materiallar verdi.
İlk geosiyasi nəticə:
Dünyada nəhayət çöküşün başlanması Qarabağ laylarının titrəməsi ilə hərəkətə keçdi.
Meydan hərəkatı, Qarabağ müharibəsi – SSRİ-nin sonunu gətirdi və köhnə dünya – Soyuq Müharibə bitdi.
Sosialist düşərgə Kapitalizm qarşısında ulduzlarını söndürdü.
30 il sonra yeni dünya nizamının qurulması da Qarabağla başlayacaq, Vətən müharibəsi nəticəsində geosiyasi şərtlər dəyişəcəkdi.
.jpg)
Lakin, buna qədər hakimiyyəti iki ilə yaxın idarə etməyə çalışan Ayaz Mütəllibov artan müxalif təzyiq qarşısında hakimiyyətdən göndərildi. Şübhəsiz ki, ordusu məhv edilmiş komandirin sağ qalması da imkansız idi. Qaradağlı faciəsi ilə onun real imkanları bitmişdi.
Amma gedişi bir dönəmi bitirdi, bir dövrü də başlatdı.
2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun – sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib, bununla da Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edir. Qanuna görə, keçmiş prezident Azərbaycan Respublikasının prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə сəlb edilə bilməzdi.
Mütəllibov uzun bir müddət ərzində özünü unutdurdu, siyasi kuluarlarda onu arada bir Araz və Zərdüşt qardaşlarının müsahibələrində xatırlasaq da bir gün gözlənilməz hadisə baş verdi.
15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında debat keçirilirdi.

Paşinyan debatda absurd və həmişəki ampluasında qalaraq qəribə bir çıxış edir.
O bildirir ki, Xocalı faciəsi guya Azərbaycan tərəfindən həyata keçirilib. N.Paşinyan bunu deyərkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdan “sitat gətirir”.
Azərbaycan Prezidenti İlham Əliyev isə ona tutarlı cavab verib. Ölkə başçısı qeyd edib ki, internetdə axtarış aparmaqla kimin həqiqəti deməsini müəyyənləşdirmək olar.
O bildirib ki, Ayaz Mütəllibov dəfələrlə Xocalı faciəsinin Azərbaycan tərəfindən törədildiyini deməsi ilə bağlı iddiaları təkzib edib. Ölkə başçısı qeyd edir ki, Qarabağ münaqişəsinin həlli üçün Ermənistan dərhal və qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.
Qəribə bir vəziyyət yaranır. Az qala, Azərbaycanda belə hamının unutduğu Mütəllibovu Paşinyan hardan tapmışdı və yada salıb xatırlamaq ehtiyacı duymuşdu?
Və Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov dərhal Ermənistanın baş naziri Nikol Paşinyana Azərbaycan Televiziyasının "HƏFTƏ" proqramına müsahibəsində cavab verir: “Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı.
Ona görə də hansısa jurnalistin “Arqumenti i Faktı” qəzetində nə vaxtsa nəsə deməsi haqqında danışığını və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqi deyil, həm də qeyri-obyektivlikdir. Özü də Münhen konfransı kimi səviyyədə. Lakin ölkə prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü-özlüyündə təəccübləndirir və bu, yolverilməzdir”.
Paşinyan adına biabırçı bir vəziyyət yaranır. Hər sözü məsuliyyətsizcəsinə deyən baş nazir hardan biləydi ki, Mütəllibov sağdır və onun arqumentini bütün dünyanın gözü önündə özü də rus dilində təkzib etməklə rəzil duruma salacaq.
27 mart 2022-ci ildə Ayaz Mütəllibov 84 yaşında vəfat etdi. Mərhum I Fəxri xiyabanda dəfn olundu.

Mütəllibovun ziddiyyətli tarixi keçmişini ölümündən iki il qabaq Azərbaycana müstəsna xidmətlə yekunlaşdırmasına tarix möhtəşəm bir fürsət verdi.
Paşinyanı diplomatik meydanda yalançı çıxarmaqla gözdən salan əsas adama – Prezident Əliyevə güclü arqumentlərdən birini verdi ömrü ilə.
Vətən müharibəsini gördü, uğrunda savaşılan torpaqların azadlığına şahid oldu, Azərbaycana son günlərində tarixi xidmətini edə bildi.
12 may Ayaz Mütəllibovun doğum günü idi, düzü və səhvi ilə tariximizdə yerini aldı, son xidmətləri ilə isə Fəxri Xiyabanı haqq etmişdi.
Doğrudan da Nikolun yadına hardan düşmüşdü Mütəllibov və nə biləydi ki, o hələ də yaşayır.
Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı
tag: İlham Əliyev,Nikol Paşinyan,Ayaz Mütəllibov,Münhen Təhlükəsizlik Konfransı,Todaypress.tv,
