Paşinyan kartları açdı: “Seçkiyə qədər sülh sazişi imzalansa...”
Təhlil
11.02.2026 17:00
Ermənistanın Baş naziri Nikol Paşinyan "Ermənistan İctimai Televiziya"sına verdiyi müsahibədə Ermənistanda parlament seçkilərindən əvvəl Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib ki, parlament seçkilərindən əvvəl Ermənistan hakimiyyətinin gündəliyində Azərbaycanla sülh müqaviləsinin imzalanması var.
Maraqlıdır, seçkilərdən əvvəl sülh müqaviləsinin imzalanması ehtimalı varmı?
Sözügedən mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, kilsə və revanşistlərin, eyni zamanda erməni lobbisinin sülh prosesini pozmağa yönəlik addımlar atması Ermənistanda müəyyən gərginlik yaradır.

Onun sözlərinə görə, hökumət üzərində ciddi təzyiqlər var və bu proses sülhün əldə olunmasını istəməyən müəyyən dövlətlərin dəstəyi ilə formalaşdırılır:
“Bu baxımdan düşünürəm ki, Ermənistanda seçkiöncəsi Paşinyan mövqelərini gücləndirməyə çalışır. Hesab edirəm ki, bu, Azərbaycanın da maraqlarına tam cavab verir və Bakı bu istiqamətə önəmli addımlar atıb. Azərbaycanın Qazaxıstan və Rusiyadan yüklərin Ermənistana daşınmasına icazə verməsi, eyni zamanda Azərbaycan yanacağının İrəvana daşınması istər taxılın, istər yanacağın qiymətində ucuzlaşmaya səbəb olub. Bu da seçkiöncəsi Paşinyanın mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.”
Əli Zülfüqaroğlu bildirib ki, Azərbaycanla Ermənistan arasında ötən ilin avqustunda Vaşinqtonda ilkin sülh sazişi imzalanıb:
![]()
“Azərbaycanla yanaşı Ermənistan da sülh istiqamətində pozitiv addımlar atır. Əgər seçkiyə qədər sülh sazişi imzalanarsa, bu, Ermənistan hakimiyyətinin xeyrinə olacaq. Ona görə də, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü şərt seçkidən sonraya saxlanıla bilər. Təbii ki, Ermənistan hökuməti seçkidən sonra bu addımı atacağı ilə bağlı üzərinə öhdəlik götürməlidir. Belə olan halda isə Ermənistan seçkiyə qədər sülh imzalaya bilər ki, bu da revanşistlərin növbəti dəfə zərbə alması deməkdir.”
Jalə Rövşən
tag: Əli Zülfüqaroğlu,Siyasi şərhçi,Paşinyan,Ermənistan,Todaypress.tv,
