Meloni Azərbaycana, Makron Ermənistana...Kimin çantasında nə var?
Təhlil
23.04.2026 16:38
Cari il mayın 5-də İtaliyanın baş naziri Ciorcia Meloni Azərbaycanda, Emmanuel Makron isə, Ermənistanda səfərdə olacaq.
Bu Cənubi Qafqaz üçün sadəcə diplomatik aktivliyin artdığı bir tarix kimi deyil, Avropa daxilində fərqli güc mərkəzlərinin regiona münasibətdə müxtəlif alətlərdən istifadə etdiyi koordinasiyalı bir geosiyasi mərhələ kimi qiymətləndirilə bilər.
Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Avropa İttifaqına daxil olan ölkələr zahirən fərqli istiqamətlərdə hərəkət etsələr də, daha dərin səviyyədə bu fəaliyyətlər ümumi strateji məqsədlərlə uzlaşır və bir-birini tamamlayır.
Mövcud reallıqda Azərbaycan artıq yalnız enerji ixrac edən bir ölkə statusundan çıxaraq Avropanın enerji təhlükəsizliyində sistem formalaşdıran aktora çevrilməkdədir. Xüsusilə İtaliya ilə münasibətlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan qazının Avropaya nəqlində mühüm rol oynayan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya əsas qəbul edən ölkələrdən biri kimi çıxış edir və bu əməkdaşlıq sadəcə ticarət münasibəti çərçivəsini aşaraq qarşılıqlı asılılıq modelinə çevrilir. Bu vəziyyət Azərbaycana yalnız iqtisadi gəlir deyil, eyni zamanda siyasi manevr imkanları da yaradır. Başqa sözlə, enerji amili Bakı üçün təkcə iqtisadi resurs deyil, həm də geosiyasi təsir vasitəsinə çevrilir.
Digər tərəfdən, Fransa ilə Ermənistan arasında inkişaf edən münasibətlər regionda təhlükəsizlik arxitekturasının yenidən formalaşması kontekstində qiymətləndirilə bilər. Bu siyasi xətt daha dərin tarixi və siyasi köklərə malikdir. ATƏT-in Minsk qrupu dövründən formalaşan bu yaxınlıq zamanla institusional xarakter alıb və xüsusilə Emmanuel Macron dövründə daha açıq şəkildə davam etdirilir.
Fransanın Ermənistana marağı yalnız geosiyasi deyil, həm də daxili siyasi faktorlarla, o cümlədən diaspor təsiri və Parisin özünü siyasi-təhlükəsizlik aktoru kimi mövqeləndirməsi ilə bağlıdır. İndi isə, Fransa Ermənistanla siyasi və hərbi əməkdaşlığı genişləndirərək onu tədricən Rusiyanın təhlükəsizlik orbitindən uzaqlaşdırmağa çalışır. Müdafiə sahəsində əməkdaşlıq, hərbi təlimlər və texniki dəstək kimi elementlər bu prosesin daha sistemli xarakter aldığını göstərir. Bu isə regionda hərbi balansın sabit vəziyyətdə qalmadığını, əksinə, yeni reallıqlara uyğun şəkildə yenidən qurulduğunu deməyə əsas verir.
Bütün bunların fonunda Avropa İttifaqının yanaşması vahid və monolit deyil, lakin tam parçalanmış da hesab edilə bilməz. Əksinə, burada funksional bölgü müşahidə olunur. Bəzi ölkələr, o cümlədən İtaliya, daha çox iqtisadi və enerji əməkdaşlığı vasitəsilə regionda mövqelərini möhkəmləndirməyə çalışır, digərləri isə, xüsusilə Fransa, siyasi və təhlükəsizlik istiqamətində aktivlik göstərir. Bu fərqli yanaşmalar zahirən ayrı-ayrı strategiyalar təsiri bağışlasa da, əslində daha geniş geosiyasi məqsədlərin müxtəlif vasitələrlə həyata keçirilməsindən ibarətdir. Həmin məqsədlər sırasında regionda digər böyük güclərin təsirinin zəiflədilməsi və Avropanın rolunun gücləndirilməsi xüsusi yer tutur.
Cənubi Qafqaz artıq təkcə lokal münaqişə məkanı deyil, daha geniş geosiyasi və geoiqtisadi maraqların kəsişdiyi strateji bir regiona çevrilib. Bu reallıqda Azərbaycan enerji və iqtisadi imkanları ilə ön plana çıxır, Ermənistan isə təhlükəsizlik müstəvisində yeni tərəfdaşlıqlar axtarır, Avropa da müxtəlif alətlərdən istifadə etməklə regionda təsirini artırmağa çalışır. Bu mürəkkəb qarşılıqlı təsir sistemi isə gələcəkdə həm əməkdaşlıq imkanlarını genişləndirə, həm də yeni risklər yarada biləcək dinamik bir mühit formalaşdırır.
Jalə Rövşən
tag: İtaliya,Ciorcia Meloni,Emmanuel Makron,Fransa,Azərbaycan,Todaypress.tv,
