Laçın postu quruldu, oyun dəyişdi - Ermənistanın “nəfəs borusu” belə kəsildi
Təhlil
23.04.2026 14:41
"Laçın sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında həlledici mərhələ rolunu oynayıb".
Bunu hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, uzun illər ərzində Gorus–Laçın yolu vasitəsilə Ermənistan Azərbaycanın ərazilərinə müxtəlif hərbi təyinatlı yüklər daşıyıb:
"Bu yol vasitəsilə, yəni Gorus–Laçın yolu ilə Ermənistan uzun onilliklər boyu Azərbaycan ərazisinə silah-sursat, şəxsi heyət, hərbi texnika, vasitə və avadanlıqlar daşıyırdı. Daşınan bu vasitələr separatçı rejim tərəfindən Azərbaycana qarşı intensiv şəkildə istifadə olunurdu. Sərhəd-keçid məntəqəsinin qurulması Ermənistanın Qarabağla mövcud olan əlaqəsinin də kəsilməsi ilə nəticələndi. Biz Ermənistanın separatçı rejimlə olan “nəfəs borusunu” tamamilə bağladıq".
Ekspert əlavə edib ki, bu prosesdən sonra separatçı rejim Ermənistanın dəstəyindən məhrum qalıb və nəticədə 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı təslim olub:
"Məhz bu sərhəd-keçid məntəqəsinin qurulmasından sonra separatçı rejim Ermənistandan dəstək ala bilmədi və nəticədə 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı nəticəsində təslim oldu. Qəhrəman Azərbaycan ordusu qarşısında erməni silahlıları cəmi 23 saat müqavimət göstərə bildilər və bundan sonra Azərbaycanın bütün ərazilərində suverenlik tam həcmdə bərpa olundu", - deyə Ədalət Verdiyev fikrini tamamlayıb.
Qeyd edək ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Türkan İsgəndərli
tag: Ədalət Verdiyev,Ekspert,Azərbaycan,Laçın postu,Todaypress.tv,
