"İranda hakimiyyət dəyişikliyi baş verdi" - Ekspert

Təhlil

05.05.2026 23:05

“İranda faktiki hakimiyyət dəyişikliyi baş verib. SEPAH komandanı Əhməd Vahidi seçilmiş siyasi rəhbərliyi tanımır, ali rəhbər Müctəba Xamenei isə proseslərə nəzarət etmir və ya edə bilmir”.

Bunu hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə danışarkən bildirib.


Onun fikrincə, mövcud xaos İranı məhvə doğru aparır:

“İran Prezidenti Məsud Pezeşkian, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) endirilən zərbələrlə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərindən kəskin narazılığını ifadə edərək, onları “tamamilə məsuliyyətsiz” adlandırıb. İslam Respublikasının Prezidenti vurğulayıb ki, bu hərəkətlər ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirilib”.

Ekspert vurğulayıb ki, Pezeşkian region ölkələri ilə gərginliyin artması fonunda potensial olaraq geridönüşü olmayan nəticələr barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, ikinci müharibə riski səbəbindən İran Prezidenti SEPAH-ın Fars körfəzi dövlətlərinə hücumlarına dərhal son qoyulması və eskalasiyanın qarşısının alınması üçün ali lider Müctəba Xamenei ilə təcili görüş tələb edib.

“Məsud Pezeşkian mümkün beynəlxalq reaksiyadan dərin narahatlıq keçirir və hesab edir ki, ölkə daha bir tammiqyaslı müharibəyə tab gətirə bilməz”, - deyə Ə. Verdiyev fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Pezeşkian,BƏƏ,SEPAH,Ədalət Verdiyev,TodayPress TV,