Xamanei Pezeşkianı iqtisadiyyat naziri təyin etdi - FAKTİKİ

Xamanei Pezeşkianı iqtisadiyyat naziri təyin etdi - FAKTİKİ
03.11.2026 11:46 Dünya

İranda hakimiyyət daxilində güc balansının dəyişdiyi iddia olunur. Ali Rəhbər Əli Xameneinin son addımları ölkənin siyasi və hərbi idarəçiliyində yeni qarşıdurma ehtimallarını gündəmə gətirib.

İranın ali siyasi və hərbi elitasında baş verən son kadr təlatümləri və qərarvermə mexanizmlərinin kökündən dəyişməsi Tehranın daxili və xarici siyasətində kəskin dönüş nöqtəsinin yarandığını göstərir. 

Baş verənlər fonunda ən səs-küylü və diqqətçəkən məqam Ali Rəhbər Əli Xameneinin birbaşa müdaxiləsi ilə prezident Məsud Pezeşkiyanın ali dövlət idarəçiliyindən, xüsusilə də təhlükəsizlik və xarici siyasət sferasından faktiki olaraq tam təcrid edilməsidir.

Ölkə konstitusiyasına görə dövlətin ikinci ən yüksək rütbəli şəxsi sayılan prezident Məsud Pezeşkiyan Xameneinin son qərarları ilə icra səlahiyyətləri məhdudlaşdırılaraq, faktiki olaraq yalnız iqtisadi böhranı idarə edən sıravi bir "iqtisadiyyat naziri" statusuna endirilib. Pezeşkiyanın üzərinə yalnız çökməkdə olan maliyyə sektorunu, inflyasiyanı və sosial narazılıqları yatırmaq vəzifəsi qoyulub.Bununla da o, ali strateji qərarların verildiyi əsas masadan uzaqlaşdırılıb.

Bununla paralel olaraq, İranın uzun illər ali hərbi qərarlarında mühüm çəkisi olan, SEPAH-ın keçmiş baş komandanı general Yəhya Rəhim Səfəvinin də təsiri sıfırlanıb. Faktiki olaraq Xameneinin hərbi məsələlər üzrə sıravi mətbuat katibi roluna sıxışdırılan Səfəvinin kənara çəkilməsi Tehranın ali komandanlığında mötədil və balanslaşdırıcı hərbi kadrların təmizləndiyini təsdiqləyir.

Pezeşkiyan və Səfəvinin strateji təsir imkanlarının dondurulması və onların yerinə sərt xətt tərəfdarı olan şovinist, radikal qrupların gətirilməsi təsadüfi deyil. Pərdəarxasında güclənən Müctəba Xamenei amili və onun hərbi komandanlığa qarşıdakı genişmiqyaslı toqquşmalarda "coğrafi məhdudiyyət qoymamaq" təlimatı Tehranın müdafiə konsepsiyasını tamamilə aqressiv xarakterə bürüyüb.

Bu kadr dəyişikliklərinin pərdəarxasındakı əsas məntiq isə bəllidir: SEPAH daxilindəki radikal qanad regionun əsas enerji arteriyalarını və xammal logistikasını hədəfə alaraq dünya bazarında neftin qiymətini rekord həddə çatdırmağı, beləliklə qlobal iqtisadi şok yaradaraq öz rejimini xilas etməyi planlaşdırır. 

Daxili böhranın bütün yükünü və məsuliyyətini isə qeyri-rəsmi "iqtisadiyyat naziri" funksiyasını daşıyan Pezeşkiyanın çiyninə yıxmaqla, Tehranın hərbi elitası genişmiqyaslı regional qarşıdurma üçün əl-qolunu tamamilə açmış olur.

İsmayıl Şahlı

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər