40 min insanı şəhid edən Öcalan Türkiyə idarəçiliyinə gətirildi? – Ölkəni çalxalayan addım

40 min insanı şəhid edən Öcalan Türkiyə idarəçiliyinə gətirildi? – Ölkəni çalxalayan addım
02.11.2026 13:38 Təhlil

Türkiyənin daxili siyasi mənzərəsi son aylarda cəmiyyətin mənəvi sütunlarını, dövlətçilik təsisatlarını və ictimai ədalət mexanizmini dərindən sarsıdan son dərəcə təhlükəli bir prosesə sürüklənib. Təxminən yarım əsrə yaxın bir dövrdə — 1984-cü ilin avqustunda Siirtin Eruh və Hakkārinin Şəmdinli qəsəbələrində başlayan ilk silahlı basqınlardan bu günə qədər — 40 mindən çox əsgərin, polisin, kənd qoruyucusunun, müəllimin, körpə və dinc sakinin həyatına son qoyan, ölkənin iqtisadiyyatına rəsmi hesablamalara görə 1,5–2 trilyon dollar arasında birbaşa və dolaylı maddi ziyan vuran terror təşkilatının başçısı Abdullah Öcalanın yenidən legitim siyasi aktor kimi dövriyyəyə buraxılması sadəcə bir siyasi manevr deyil. Bu, on minlərlə şəhid ailəsinin qan yaddaşını silməyə, cəmiyyətin əxlaqi və hüquqi dayağını çökdürməyə yönəlmiş qəsdən planlaşdırılmış siyasi əməliyyatdır.

Dünənə qədər meydanlarda, televiziya ekranlarında və seçki mitinqlərində ən sərt lənətlərlə "körpə qatili", "İmralı canisi" və "bəşəriyyət düşməni" elan edilən bir məhkumun bu gün parlament tribunasından çıxış etməyə dəvət olunması, ona "tarixi dialoqun memarı" və "sülhün açarı" donu geyindirilməsi hakimiyyət blokunun daxili siyasətdəki çıxılmaz vəziyyətini çılpaqlığı ilə üzə çıxarır. Hakim dairələrin öz siyasi ömrünü uzatmaq, parlamentdə konstitusiya dəyişikliyi və prezidentlik müddətinin uzadılması üçün lazım olan 360 və ya 400 səs baryerini aşmaq, DEM Partiyanın (keçmiş HDP/YSP) təxminən 10 faizlik (5 milyondan artıq) seçici dəstəyini özünə tabe etmək məqsədilə atdığı bu addım hüquqi dövlət anlayışına endirilən ən ağır zərbədir. Daxildəki ağır iqtisadi böhranı, 18,5 milyard dolları keçən fond çatışmazlığını, 60 faizin üzərində olan real inflyasiyanı və xalqın alıcılıq qabiliyyətinin iflasını ört-basdır etmək üçün 40 min qurbanın qanı siyasi sövdələşmə masasına çıxarılıb.

Prosesin ən dəhşətli mərhələsi isə dövlət təbliğat mexanizmlərinin, idarə olunan medianın və bəzi "satın alınmış" analitiklərin vasitəsilə həyata keçirilən kütləvi manipulyasiyadır. Yüzlərlə körpənin, 1993-cü ildə Bingöl-Elazığ yolunda silahsız güllələnən 33 hərbçinin, məktəblərdə vəhşicəsinə qətlə yetirilən Şenay Aybüke Yalçın və Necmettin Yılmaz kimi gənc müəllimlərin qatili indi ekranlarda "təşkilatı buraxa biləcək tək müdrik lider" kimi parıldadılır. İllər boyu terror təşkilatına qarşı ən kəskin bəyanatlarla xalqın millətçi duyğularını istismar edən, vaxtilə meydanlardan İmralıya ip ataraq edam tələb edən siyasi fiqurların bu gün eyni terror başçısını Türkiyə Böyük Millət Məclisinin tribunasında danışdırmağa təşəbbüs göstərməsi siyasi tarixdə bənzəri görünməmiş bir riyakarlıq nümunəsidir.

Özünə "milli uzlaşma" və "Türkiyə əsri" adı qoyan bu layihə əslində terroru təmizə çıxarmaqla bərabər, regionda formalaşan yeni geosiyasi təhlükələrə qarşı dövlətin onurğasını sındırır. Suriyanın şimalında YPG/SDQ adı altında 100 mindən artıq silahlı qüvvəsi olan, minlərlə ağır texnika ilə təchiz edilmiş separatçı zolaq durduğu yerdə, İmralıdakı bir məhbusun sözü ilə guya "silahların yerə qoyulacağı" nağılı sadəcə sadəlövh ictimaiyyəti aldatmaq üçün uydurulub. Faktiki olaraq, bir tərəfdən Türkiyə daxilində qanuni tələblər irəli sürən müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ən kiçik tənqidə görə həbsxanalara atılır, digər tərəfdən isə əli minlərlə insanın qanına batmış terror başçısına "ümumxalq xilaskarı" statusu formalaşdırılır.

Tarix və beynəlxalq hüquq təcrübəsi sübut edir ki, cinayətkara mərhəmət dövləti xilas etmir, əksinə cinayəti təşviq edir. Şəhidlərin qanı üzərindən siyasi ömür uzatmağa çalışan, qətliam törədən bir canini süni şəkildə "milli qəhrəmana" çevirmək istəyən heç bir rejim sabitlik qazana bilməz. Xalqın mənəviyyatını zədələyən, ədalət hissini məhv edən və şəhid analarının göz yaşlarını heçə sayan bu sövdələşmə gec-tez layihə müəlliflərinin özünü siyasi tarixin qara səhifələrinə göməcək; çünki millətin yaddaşına yazılan qan ləkəsini heç bir siyasi pərdə və saxta təbliğat yuya bilməz.

İsmayıl Şahlı

TodayPress TV 

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər