Bir düymə ilə ölkəni iflic etmək: Nüvə silahı yalan oldu...
Son həftələrdə dünyanın müxtəlif ölkələrində baş verən kiberhücumlar rəqəmsal təhlükəsizliyin milli təhlükəsizlik məsələsinə çevrildiyini göstərir. Xüsusilə Rusiya və Ukraynada milyonlarla insana nüvə zərbəsi barədə saxta xəbərdarlıqların göndərilməsi ciddi narahatlıq yaradıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi təcili xəbərdarlıq tətbiqinə kütləvi kiberhücum edildiyini açıqlayıb. Ukraynada isə hava hücumu tətbiqi vasitəsilə nüvə və kimyəvi zərbə barədə saxta bildirişlər yayılıb. Mesajlarda Rusiyanın "Oreşnik" raketindən istifadə edəcəyi iddia olunub. Ukrayna hücuma görə Rusiyanı ittiham edib.
Bu hadisələrin ən təhlükəli tərəfi insanların dövlət xəbərdarlıq sistemlərinə inamının sarsılmasıdır.
Müharibə şəraitində saxta nüvə xəbərdarlığı panika yaratmaqla yanaşı, gələcəkdə real təhlükə zamanı insanların rəsmi bildirişlərə də etibar etməməsinə səbəb ola bilər.
Kiberhücumlar təkcə Rusiya və Ukrayna ilə məhdudlaşmır. ABŞ-da Federal Seçki Komissiyasının elektron sistemi təxminən 41 saat fəaliyyətini dayandırıb.
Yaponiyada dövlət qurumlarının sistemlərinə müdaxilə edilib, 125 min polis əməkdaşı və işçisinin məlumatlarının təhlükə altında olduğu bildirilir. Belçikada Maliyyə Nazirliyinə hücum onlayn vergi portalını müvəqqəti bağlamağa məcbur edib. Danimarkada isə milyonlarla şəxsiyyət məlumatının oğurlandığı açıqlanıb.
Təhlükənin yeni tərəfi süni intellekt agentlərinin kiberhücumlarda istifadəsidir. Məlumatlara görə, bir kampaniya çərçivəsində yüzlərlə süni intellekt agenti 48 ölkədə azı 440 serverə müdaxilə edib. Çinlə əlaqələndirilən başqa bir qrupun isə 14 ölkədə 200-dən çox təşkilatı hədəfə aldığı bildirilir. Şimali Koreya ilə əlaqələndirilən kriptovalyuta oğurluqları da rəqəmsal hücumların maliyyə miqyasını göstərir.
Əvvəllər haker hücumları əsasən məlumatların oğurlanması və sistemlərin sıradan çıxarılması ilə xarakterizə olunurdusa, indi süni intellekt vasitəsilə bu əməliyyatlar daha geniş miqyasda və daha sürətlə həyata keçirilə bilir.
Əsl təhlükə də bir ölkənin enerji sistemi, bank infrastrukturu, dövlət məlumat bazası və fövqəladə xəbərdarlıq şəbəkəsi eyni vaxtda hədəfə çevrilə bilməsidir. Raket hücumu şəhəri dağıdırsa, kiberhücum bütöv bir ölkənin idarəetmə sistemini iflic edə bilər.
Dünyada baş verən son hadisələr kiberhücumların artıq gələcəyin təhlükəsi olmadığını göstərir.