İran mediası böhranı kölgədə saxlamaq üçün hansı kartlardan istifadə edir?
İran dövlət mediasının son həftə yayım siyasətini izlədikdə, Tehranın həm beynəlxalq aləmə, həm də daxili auditoriyaya ötürməyə çalışdığı mesajlar aydın şəkildə görünür. Həftənin əsas mənzərəsi diplomatik gedişlərlə sərt hərbi təhdidlərin sintezindən ibarətdir.
İlk növbədə, Hörmüz boğazı məsələsində tətbiq edilən “çubuq və kökə” taktikası diqqəti cəlb edir. İranın xarici işlər naziri Abbas Araqçinin BMT platformasında ABŞ-yə yeddi günlük plan təqdim etməsi Tehranın özünü xaos istəməyən, konstruktiv və həll yönümlü tərəf kimi göstərmək cəhdi kimi görünür. Lakin bu təklifin ardınca səsləndirilən “ABŞ şərtləri qəbul etməsə, müharibənin coğrafiyası genişlənəcək” mesajları və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhdidləri göstərir ki, diplomatik təkliflər eyni zamanda təzyiq və ultimatum elementi daşıyır. Donald Trampın bu şərtləri rədd etməsi fonunda İran mediasının geri çəkilməmək əzmini ön plana çıxarması isə daxili auditoriyaya “biz sülh istədik, lakin qarşı tərəf təcavüzkardır” mesajını çatdırmağa hesablanıb.
Prezident Məsud Pezeşkianın Nyu-York səfəri və BMT Baş Assambleyasındakı çıxışı isə daha çox “mənəvi üstünlük” qazanmağa yönəlmiş kommunikasiya xətti kimi diqqət çəkir. Pezeşkianın çıxışında mülki itkiləri və uşaqların ölümünü ön plana çıxarması, eyni zamanda İranı “terrorizm qurbanı” kimi təqdim etməsi beynəlxalq ictimaiyyətin emosional dəstəyini qazanmaq cəhdi kimi qiymətləndirilə bilər. “Müharibə istəmirik, amma təslim olmayacağıq” ritorikası bir tərəfdən dialoq üçün qapını açıq saxlayır, digər tərəfdən isə zəiflik görüntüsünün yaranmasına imkan vermir. Araqçinin Türkiyə, Səudiyyə Ərəbistanı və Ərəb Liqası ilə intensiv təmasları isə ABŞ-nin İranı təcrid etmək siyasətini neytrallaşdırmaq və ən azı region dövlətlərini bitərəf mövqedə saxlamaq məqsədi daşıyır.
Hərbi təhdidlər və sanksiyalar fonunda daxili dayanıqlılıq mesajının verilməsi də media monitorinqinin mühüm istiqamətlərindən biridir. Sanksiyalar və ləğv edilən uçuşlar fonunda Çin istiqamətində reyslərin davam etməsi, Asiya Oyunlarında əldə olunan idman uğurları, Cənub Pars yatağının inkişafı və məktəblərin açılması ilə bağlı xəbərlərin geniş işıqlandırılması təsadüfi görünmür. Dövlət mediası bu xəbərlər vasitəsilə cəmiyyətə “dövlət mexanizmi və gündəlik həyat böhranlara baxmayaraq öz axarı ilə davam edir” mesajını verir. Bu yanaşma hərbi ritorikanın yaratdığı psixoloji təzyiqi balanslaşdırmaq üçün istifadə olunan yumşaq güc elementlərindən biri kimi çıxış edir.
Yekun olaraq, İran mediasının bu həftə vahid mərkəzdən idarə olunan və bir-birini tamamlayan kommunikasiya xətti nümayiş etdirdiyi görünür. Tehran bir tərəfdən beynəlxalq hüquq və diplomatiya dili ilə çıxış edərək ABŞ üzərində siyasi və diplomatik təzyiq yaratmağa çalışır, digər tərəfdən hərbi güc nümayişi vasitəsilə çəkindirmə mesajı verir. Daxili auditoriyaya yönəlmiş xəbərlərdə isə idman, iqtisadiyyat və gündəlik həyat mövzularının önə çıxarılması ilə ölkədə sabitlik və idarəolunma görüntüsü qorunur.
Qiymət Mahir