Tramp istəyinə çatdı - Rusiya və Çinin Arktikadakı planlarına qarşı həmlə
“Tramp Danimarkadan “Qrenlandiyanı Amerikaya təhvil ver” tələb etməklə əslində planlaşdırdığını əldə edib”.
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasında iştirak etmək məqsədilə Nyu-Yorkda keçirdiyi günlər səmərəli olub:
“O, həm Baş Assambleyada çıxış edib, həm müxtəlif liderlərlə ikitərəfli görüşlər keçirib, Körfəz ölkələrinin başçılarıyla ayrıca toplantı təşkil edib, o cümlədən Danimarka və Qrenlandiya rəhbərləri ilə Arktika təhlükəsizliyi üzrə üçtərəfli saziş imzalayıb. Sonuncu Tramp üçün daha əhəmiyyətli idi. Müqavilə Danimarka və Qrenlandiya parlamentlərində ratifikasiya edildikdən sonra qüvvəyə minəcək”.
Onun sözlərinə görə, ABŞ Qrenlandiyada hərbi mövcudluğunu genişləndirir:
“ABŞ Qrenlandiyanın cənubundakı Narsarsuaqda Soyuq müharibə dövrünə aid keçmiş “Bluie West One” hərbi bazasını yenidən açacaq. Bu hərbi baza 1950-ci illərdə bağlanmışdı. ABŞ razılaşma çərçivəsində Qrenlandiyada hərbi mövcudluğunu daha iki məntəqəyə genişləndirə biləcək. Hazırda ABŞ Qrenlandiyada kosmik bazadan istifadə edir və orada 150 amerikalı hərbçi xidmət edir. Vaşinqtonda hesab edirlər ki, bu azdır”.
Analitik vurğulayıb ki, razılaşmaya əsasən ABŞ-nin yazılı razılığı olmadan NATO üzvü olmayan dövlətlərin adada hərbi bazalar qurması, qoşun yerləşdirməsi, həmçinin strateji sektorlara investisiya yatırmasına icazə verilmir.
O qeyd edib ki, digər tərəfdən, ABŞ Danimarka və Qrenlandiyanı məlumatlandırmadan adada əlavə hərbi obyektlər inşa etmək, hərbi mövcudluğunu genişləndirmək hüququna malikdir.
Ekspert bildirib ki, NATO daxilindəki gərginlik aradan qalxdı:
“Donald Tramp əvvəlki açıqlamalarında Qrenlandiyanın ABŞ-a verilməsi vacibliyini bildirirdi. Bu açıqlamalar Qrenlandiyanın məxsus olduğu Danimarkada sərt qarşılanmış, Kopenhagenlə Vaşinqton arasında münasibətlər gərginləşmişdi. Bu qarşıdurma NATO daxilində də gərginlik yaratmışdı. Vəziyyət o həddə çatmışdı ki, NATO-nun 8 ölkəsi Danimarka ilə həmrəylik məqsədilə adaya hərbi heyət göndərmişdi. Tramp buna cavab olaraq həmin ölkələrə qarşı tariflərin artırılacağını bəyan etdi. Əldə edilən razılaşma gərginliyi ortadan qaldırdı”.
E.Şahinoğlu qeyd edib ki, ABŞ Qrenlandiyadakı hərbi bazalar vasitəsilə faktiki adada əsas söz sahibi olacaq:
“Təsadüfi deyil ki, dövlət katibi Marko Rubio razılaşmadan sonra verdiyi açıqlamada Qrenlandiyanın Şimali Amerika strateji müdafiə zonasının bir hissəsinə çevrildiyini bildirib. ABŞ Qrenlandiyada varlığını gücləndirməklə adanın zəngin strateji təbii sərvətlərinə də malik olacaq”.
Politoloqun qənaətincə, Vaşinqtonun məqsədlərindən biri də Rusiya və Çinin Arktika bölgəsində mövqelərinin güclənməsinin qarşısını almaqdır:
“Qrenlandiya Arktikanın mərkəzindən keçən Transpolyar Dəniz Yolunun üzərində yerləşir. Bu marşrut ABŞ üçün həm də ona görə əhəmiyyətlidir ki, yol Şimal Buzlu Okeanının açıq sularından keçir və bu, Rusiya və Kanadanın sahil nəzarətindən yayınmaq imkanı yaradır.
Arktikada buzların əriməsi nəticəsində gəmilərin hərəkəti artıb. Rusiya və Çin son illərdə Arktikada fəallıqlarını artırıblar. Bu iki ölkə həm Arktikanın təbii sərvətlərindən faydalanmağa çalışır, həm də bu bölgədə hərbi bazalar formalaşdırmağa başlayıblar. ABŞ Qrenlandiyada hərbi bazalarının sayını və imkanlarını artırmaqla Rusiya və Çinin bu bölgədəki fəaliyyətini nəzarətdə saxlamaq imkanı qazanacaq”.
Elxan Şahinoğlu sonda əlavə edib ki, Venesuelanın ram edilməsindən sonra Qrenlandiya ilə əldə edilən razılaşma Donald Trampın xarici siyasətdə ikinci uğuru sayıla bilər.
O əlavə edib ki, buna baxmayaraq, Tramp Rusiya–Ukrayna müharibəsini dayandıra bilməyib və İranla qarşıdurma davam edir.
Jalə Rövşən