Azərbaycan bayraqlarını Ermənistanla oyunda zibil qutularına atdılar - Türkiyədə unudulmayan tarix

Azərbaycan bayraqlarını Ermənistanla oyunda zibil qutularına atdılar - Türkiyədə unudulmayan tarix
27.09.2026 11:42 Təhlil

Son günlərdə BMT Baş Assambleyasında İsrail Baş nazirinin çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda qalması ətrafında Türkiyənin bəzi sosial media dairələrində və mediasında başladılan təzyiq kampaniyası diqqət çəkir. 

Bakını "qardaşlığa xilaf çıxmaqda" təqsirləndirirlər. Lakin tarixin özünəməxsus bir xüsusiyyəti var ki, o da faktları dəqiqliklə saxlamasıdır.

2009-cu il, Bursa Atatürk stadionuna nəzər salaq. Həmin ildə orda nə baş vermişdi?

2008–2009-cu illərdə "futbol diplomatiyası" adı altında Türkiyə–Ermənistan yaxınlaşması həyata keçirilirdi. Sürix protokollarının imzalandığı o dövrdə, Azərbaycan torpaqları hələ işğal altında idi, Xocalı qətliamının və minlərlə şəhidin yarası bu millətin qəlbində idi. Bursada keçirilən Türkiyə–Ermənistan matçında 20 minə yaxın azarkeş və ölkə rəhbərliyi 90 dəqiqə boyunca qarşı tərəfi izlədi, göyərçinlər uçuruldu, gülümsəyən jestlər edildi. Ən ağrılısı isə – FIFA və təşkilat komitəsinin qərarı ilə Bursaya Azərbaycan bayrağının gətirilməsi qadağan edildi. Hətta stadiona Azərbaycan bayrağı ilə girmək istəyən türk və azərbaycanlı qardaşlarımıza polis müdaxilə etdi, bayraqlarımızın zibil qutularına atıldığı görüntülər yayıldı. O gün 20 min nəfərlik tribunalardan heç kim "Bu bayraq bizim qardaşımızın bayrağıdır, onu yerə ata bilməzsiniz" deyərək stadionu tərk etmədi. Azərbaycan xalqı onda qardaş yarası aldı. 

Azərbaycanı BMT zalında qalmaqda qınayanların göz ardı etdiyi başqa bir böyük təzad da var. "Al Jazeera"nın BMT-nin ticarət məlumatlarına (UN Comtrade) əsaslanan 2024-cü il statistikasına görə, Türkiyə İsrailə ən çox mal ixrac edən ölkələr arasında 5-ci yerdə bərqərar olub. Həmin il Türkiyənin İsrailə ixracının ümumi dəyəri təxminən 2,86 milyard dollar təşkil edib.   İndi mənzərəyə baxaq: İsrail ilə milyardlarla dollarlıq ticarət dövriyyəsini saxlayan, limanlarından gəmilər yola salan bir ölkənin bəzi sosial media fəalları gəlib Azərbaycanı qınayır ki, "niyə 72 ölkə nümayəndəsinin tərk etdiyi zalda Netanyahunu dinləmisiniz?". Sual olunur: Zalı tərk etmək prinsipiallıq sayılırsa, bəs milyard dollarlıq ticarət əlaqələrini nə adlandıraq? 

Əgər hər emosional etirazda zalı tərk etmək diplomatik uğur sayılsaydı, onda 2009-cu ildə də Qarabağı işğal edən bir ölkənin dövlət başçısı ilə eyni tribunada oturmaqdan imtina edilməli idi. Bəs necə olur ki, 2009-cu ildə işğalçı Ermənistanla 90 dəqiqəlik futbol matçını izləmək "diplomatiya" və "dövlət marağı" olur, amma 2026-cı ildə Azərbaycanın BMT zalında öz diplomatik təmsilçiliyini saxlaması "xəyanət" kimi qələmə verilir?

Türkiyədəki bəzi dairələrin "müsəlman həmrəyliyi" və ya dini ritorika üzərindən Azərbaycana təzyiq göstərmək cəhdləri qarşılıqsız qalmağa məhkumdur. Azərbaycan sekulyar, öz milli maraqlarını hər şeydən üstün tutan müstəqil dövlətdir. Ölkəmiz öz xarici siyasətini kiminsə emosional diktəsi ilə deyil, Bakının geosiyasi reallıqları və strateji hədəfləri ilə müəyyən edir. Milli Məclisin və Media subyektlərinin də diqqət çəkdiyi kimi, sosial şəbəkələrdə koordinasiyalı şəkildə yürüdülən bu kənar kampaniyalar "Bir millət, iki dövlət" prinsipini dəstəkləmək yox, iki cəmiyyət arasına nifaq toxumu səpmək məqsədi daşıyır. Qardaşlıq – bir-birinin müstəqil xarici siyasət qərarlarına, dövlət maraqlarına və suverenliyinə hörmətlə yanaşmaqdır. 2009-cu ildə Bursada baş verənləri unudub, eyni zamanda milyardlıq ticarət reallıqlarının üstündən xətt çəkərək BMT-dəki bir diplomatik prosedura görə Bakını sorğulayanlar əvvəlcə tarixin və faktların güzgüsünə baxmalı, başqalarına dərs keçməzdən öncə öz addımlarını təhlil etməlidirlər.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər