“Hər şey vətən üçün” yox, “Hər şey insan üçün” olmalıdır - RƏY

“Hər şey vətən üçün” yox, “Hər şey insan üçün” olmalıdır - RƏY
27.09.2026 13:30 Təhlil

27 Sentyabr Anım Günü xalqımızın yaddaşına həm böyük kədər və hüznlə, həm də milli qürur, birlik və dirçəliş günü kimi həkk olunub. 

Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı hesabına qazanılan Zəfər Azərbaycanın tarixi taleyini kökündən dəyişdi. Lakin müharibənin başa çatması ilə məsuliyyətimiz azalmır -  Zəfərdən sonra ən vacib işimiz bu ruhu qorumaqdır. 

27 Sentyabrın mənəvi yükünü sadəcə illik tədbirlərlə yox, gündəlik həyatda yaşatmaq üçün bu gün harda axsayırıq və nəyi fərqli etməliyik?


TodayPress TV xəbər verir ki, bu sual ətrafında fikirlərini bölüşən millət vəkili Qüdrət Həsənquliyev vurğulayıb ki, insanlar vətənə sevgi ruhunda böyüdülməli, ölkələrini sevməli və onunla qürur duymalıdırlar:

"Şəhid ailələri, qazilərimiz dövlət qayğısı ilə əhatə olunmalıdır. Bunun üçün güclü azad bazar iqtisadiyyatına malik hüquqi dövlət qurmalıyıq. Vətəndaşlarımızın hüquq və azadlıqları ciddi qorunmalı, gənclər iş dalınca xarici ölkələrə üz tutmamalıdır. İnsan kapitalına böyük vəsait qoyulmalıdır. Təbliğatla vətənpərvər insan formalaşdırmaq mümkünsüzdür. Kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar açılmalıdır. Hökumət hər il hansı rayonda neçə zavod və fabrik tikildiyi, nə qədər investisiya qoyulduğu, nə qədər iş yeri açıldığı barədə ictimaiyyətə hesabat verməlidir".

Ermənistanla sülh sazişinin imzalanmasının vacibliyinə toxunan Q.Həsənquliyev bildirib ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə görülən işlərlə möhkəmləndirilməlidir:

"Yoxsulluq insanların qürurunu sındırmamalı, mənəviyyatını aşındırmamalıdır. Güclü, qürurlu və rifah içərisində yaşayan vətəndaşı olan ölkə güclüdür. Ona görə “hər şey vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır. Xalqımızın güclü dövlət qurmaq potensialı var. İnanıram ki, böyük islahatlarla biz işğaldan azad etdiyimiz ölkəmizdə ədalətli, hüquqi və demokratik dövlət də qura biləcəyik".

Jalə Rövşən

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər