27 Sentyabr – Anım Günü: “Şəhidlərimizin bizə əmanət etdiyi ən böyük dəyər Vətəndir”

27 Sentyabr – Anım Günü: “Şəhidlərimizin bizə əmanət etdiyi ən böyük dəyər Vətəndir”
27.09.2026 11:45 Təhlil

27 Sentyabr – Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edildiyi xüsusi gündür.

TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Vətən müharibəsinin tarixi əhəmiyyətindən, şəhid və qazilərin fədakarlığından, xalqın birlik və həmrəyliyindən danışıb.

Deputat qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb və bununla da 44 günlük Vətən müharibəsi başlayıb.

Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqların azad edilməsi uğrunda böyük şücaət nümayiş etdirib:

"Ordumuzun hər bir əsgər və zabiti öz vəzifəsini böyük fədakarlıqla yerinə yetirdi. Arxa cəbhədə isə xalqımız əsgər və zabitlərimizin ətrafında sıx birləşərək əsl həmrəylik nümunəsi göstərdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələrlə başa çatıb. Bu Zəfər xalqımızın yaddaşına qəhrəmanlıq, birlik və milli həmrəyliyin rəmzi kimi həkk olundu. Qələbənin əldə edilməsində əsas pay sahibləri Vətən uğrunda canını fəda edən şəhidlər və sağlamlığını itirən qazilərdir. Onların göstərdiyi şücaət və fədakarlıq heç zaman unudulmayacaq".

Parlamentari xatırladıb ki, şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsi olaraq Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il sentyabrın 27-nin ölkədə Anım Günü kimi qeyd olunması qərara alınıb.

O vurğulayıb ki, Anım Günü yalnız şəhidlərin yad edilməsi ilə məhdudlaşmır:

"Biz həm də onların uğrunda mübarizə apardıqları Vətən torpağının, milli birliyin və azadlığın dəyərini bir daha dərk edirik. Azərbaycan xalqı uzun illər doğma torpaqlarının işğalı ilə üz-üzə qalıb, yüz minlərlə insan yurdlarından didərgin düşüb, yaşayış məntəqələri dağıdılıb, tarixi və mədəni irsə ciddi ziyan dəyib. Buna baxmayaraq, bu çətinliklər xalqın Vətənə bağlılığını və mübarizə əzmini sındıra bilməyib".

Millət vəkili əlavə edib ki, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələri də Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq əzmini nümayiş etdirib.

"Bu mübarizədə Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da 44 gün ərzində ürəkləri ilə Azərbaycanla birlikdə oldular, Ordumuzun uğurlarını böyük qürur hissi ilə izlədilər.

Vətən müharibəsi günlərində Azərbaycanın ən böyük mənəvi və siyasi dəstəklərindən biri qardaş Türkiyədən gəldi. Türkiyə və türk xalqı müharibənin ilk günlərindən Azərbaycanla həmrəyliyini nümayiş etdirdi. Bu dəstək Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur".

C.Məmmədov bildirib ki, Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Onun sözlərinə görə, dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar və infrastruktur yaradılır, insanların doğma yurdlarına qayıtması üçün şərait formalaşdırılır.

Deputat vurğulayıb ki, bu gün əsas vəzifələrdən biri şəhidlərin xatirəsinə layiq olmaq, qazilərə daim ehtiram göstərmək və azad edilmiş ərazilərin gələcəyinə töhfə verməkdir:

"Şəhidlərimizin bizə əmanət etdiyi ən böyük dəyər Vətəndir. Onların həyatını itirməsi sadəcə bir tarix hadisəsi deyil, gələcək nəsillər üçün böyük məsuliyyətdir. Vətən yalnız torpaq deyil. Vətən onun uğrunda döyüşən, onu qoruyan, yaşadan və gələcək nəsillərə ötürən insanların müqəddəs əmanətidir. Şəhidlərin qəhrəmanlığı, qazilərin fədakarlığı və xalqın birliyi Azərbaycan tarixinin mühüm səhifələrindəndir. Biz şəhidlərimizi heç zaman unutmayacağıq. Onların keçdiyi yol bizim üçün qürur, onların xatirəsi isə müqəddəs əmanətdir".

Deputat Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır” fikrini də xatırladaraq, bu gün əldə olunan tarixi nəticələrin xalqın mübarizə əzminin göstəricisi olduğunu bildirib.

O, sonda şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı, şəhid ailələrinə səbir arzulayıb:

"Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim uca tutulacaq”.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər