2022-ci ildən sonra ilk dəfə: Berlin Moskva ilə gizli kanalı necə aktivləşdirdi?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda, BMT-nin tədbiri çərçivəsində Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə görüşüb. Bu görüş iki ölkə arasında münasibətlərin çox gərgin olduğu bir vaxtda baş tutub. Ən diqqətçəkən məqam isə budur ki, 2022-ci ildən bəri ilk dəfə iki ölkənin xarici işlər nazirləri bir araya gəliblər. Üstəlik, bu təmasdan cəmi bir həftə əvvəl Almaniyada Rusiyanın sonuncu baş konsulluğu da fəaliyyətini tamamilə dayandırmışdı.
BMT-nin qərargahında keçirilən bu söhbət cəmi 20 dəqiqəyə yaxın çəkib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, görüşü təşkil etməyi xüsusi olaraq Almaniya tərəfi xahiş edib. Danışıqlar zamanı tərəflər Ukraynadakı vəziyyəti və Rusiya-Almaniya arasında korlanmış münasibətləri müzakirə ediblər. Lakin Almaniya naziri bu məsələlərdə ölkəsinin əvvəlki sərt mövqeyində qaldığını bir daha təkrarlayıb.
Zaxarovanın sözlərinə görə, alman diplomatlar görüşdən əvvəl jurnalistlərin çəkiliş aparması ilə bağlı müəyyən şərtlər də qoyublar. O, həmçinin Lavrovun BMT-də başqa ölkələrlə çoxlu görüşlər keçirdiyini xatırladıb və Almaniya nazirinə eyham vuraraq, Avropa rəsmilərinin özlərini üstün görmək yanaşmasını tənqid edib.
Münasibətlərin tam dondurulduğu, konsulluqların bağlandığı bir vaxtda Almaniyanın bu görüşü istəməsi təsadüfi deyil. Berlin başa düşür ki, Rusiya ilə rabitə xətlərini tamamilə kəsmək uzunmüddətli təhlükəsizlik üçün risklidir. 20 dəqiqəlik qısa vaxt göstərir ki, tərəflər böyük bir razılığa gəlməyiblər, amma Almaniya sadəcə Moskva ilə birbaşa əlaqə kanalının fəaliyyətdə olduğunu yoxlamaq və öz mövqeyini bir daha üzbəüz bəyan etmək istəyib. Almaniya ictimaiyyət qarşısında Rusiya ilə sərt dil və sanksiyalarla danışsa da, pərdəarxasında diplomatik təmas axtarır. Bu, Qərb siyasətində tez-tez görünən "ikiqat xətt"dir: bir tərəfdən ictimai təzyiq və dəstək bəyanatları, digər tərəfdən isə arxa qapıda davam edən soyuq hesablamalar. Almaniya rəsmilərinin jurnalistlərin çəkilişinə şərt qoyması da məhz bundan xəbər verir — onlar bu görüşün Almaniya daxilində və müttəfiqlər arasında "Moskvaya güzəşt" kimi yozulmasını istəməyiblər.
Moskva üçün isə bu görüş ilk növbədə təbliğat baxımından faydalıdır. Mariya Zaxarovanın açıqlamaları və "Almaniya özü yalvardı" mesajı Rusiya auditoriyasına belə bir fikir ötürür: "Nə qədər sanksiya qoysalar da, axırda özləri qapımıza gəlirlər". Rusiyanın Avropanın "üstünlük kompleksini" (Borrelin "bağ və cəngəllik" bənzətməsini) hər fürsətdə xatırlatması isə Avropa İttifaqının diplomatik dili ilə manevr etmək taktikasıdır.
Qiymət Mahir