Zelenskinin BMT çıxışı planları alt-üst etdi: Ukrayna Cənubi Koreyadan hərbi kömək almaq şansını itirir?

Zelenskinin BMT çıxışı planları alt-üst etdi: Ukrayna Cənubi Koreyadan hərbi kömək almaq şansını itirir?
27.09.2026 13:50 Təhlil

Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı əsir götürülmüş iki Şimali Koreya hərbçisinin Seula təhvil verilməsi barədə məlumatı ictimaiyyətə açıqlayaraq məxfilik razılaşmasını pozmaqda ittiham edib. Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı çıxışı zamanı bu faktı bəyan etməsi Seulun kəskin təəssüfünə və narazılığına səbəb olub. Cənubi Koreya lideri bəyan edib ki, bu cür həssas məsələlərin üstünün açılması milli təhlükəsizliyə, Koreya yarımadasındakı kövrək balansa və əsirlərlə onların ailələrinin taleyinə ciddi təhlükə yarada bilər. Li Çje Myon hətta hökumətin gizlilik siyasətini tənqid edən daxili müxalifət nümayəndələrini "xainlər" adlandıraraq, xüsusi maraqlar naminə dövlət təhlükəsizliyini riskə atmağın qəbulolunmaz olduğunu vurğulayıb.

Məlumata görə, söhbət 2025-ci ilin yanvarında Ukrayna Silahlı Qüvvələri tərəfindən Kursk vilayətində əsir götürülən və Cənubi Koreyaya sığınmaq istəyən iki KXDR hərbçisindən gedir. Əsirlər artıq Seula çatdırılsa da, Kiyevin bu prosesi böyük səhnədən bəyan etməsi iki ölkə arasında diplomatik anlaşılmazlıq yaradıb. Ukrayna Prezidentinin Ofisi öz növbəsində açıq və demokratik bir ölkə olaraq hərbi əsirlərin başqa bir dövlətə gizlin göndərilməsini məntiqsiz hesab etdiyini bildirib. Rusiya tərəfi isə Kremlin sözçüsü Dmitri Peskovun simasında bu təhvil-təslim haqda heç bir məlumata malik olmadığını deyərək məsələdən kənarda durmağa çalışıb.

Bu diplomatik qarşıdurma Kiyevin Cənubi Koreyadan hərbi və texnoloji dəstək, xüsusən də "Patriot" sistemləri üçün PAC-3 raketləri və hava hücumundan müdafiə vasitələri almaq cəhdlərinin fonunda baş verir. Ukrayna rəsmilərinin Seula ardıcıl səfərlərinə və hərbi əməkdaşlıq çağırışlarına baxmayaraq, Cənubi Koreya rəhbərliyi münaqişə zonasına silah tədarük etmək fikrində olmadığını dəfələrlə bəyan edib. Seul bu ehtiyatlı mövqeyini Şimali Koreyanın olası təxribatlarına qarşı öz silah ehtiyatlarını qorumaq zərurəti və Moskvanın cavab gedişi olaraq Pxenyana raket-nüvə texnologiyaları ötürmək riskindən çəkinməsi ilə əsaslandırır. Cənubi Koreya müharibə zonasında olan vətəndaşlarına qarşı da sərt qanunlar tətbiq edir və Ukraynaya yalnız humanitar, infrastruktura dəstək çərçivəsində kömək göstərməyə davam edəcəyini bildirir. Açıqlanan məxfilik faktı isə Kiyevlə Seul arasında hərbi-texniki tərəfdaşlıq ehtimallarını daha da zəiflətmiş oldu.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər