İlham Əliyev “İrəvanda” – Ermənistan ekranlarından qalib liderin Qafqazı xilas çıxışı
Təhlil
04.05.2026 16:45
Prezident Əliyevin çıxışları tarixə düşüb. Ümumiyyətlə, bəzi çıxışlar tarixin özü idi.
Sorğu nəticələrinə görə ən çox tirajlanan tarixi çıxışı – 27 sentyabr, 2020-ci ildə xalqa müraciəti idi.
Sentyabrın 27-də səhər tezdən Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini ağır artilleriya və müxtəlif silahlardan atəşə tutdu. Nəticədə mülki əhali və hərbçilər arasında itkilər və yaralananlar oldu.
Prezident İlham Əliyev saat 11:50-də televiziya ilə xalqa müraciət etdi və hadisəni düşmənin genişmiqyaslı təxribatı kimi qiymətləndirdi. O, Azərbaycan Ordusunun düşmənin mövqelərinə cavab zərbələri endirdiyini və çoxlu hərbi texnikanın sıradan çıxarıldığını bildirdi.
Müraciətdə vurğulandı ki, Azərbaycan haqq yolundadır, işimiz haqq işidir və biz zəfər çalacağıq. Prezident “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadəsini səsləndirdi - bu sözlər sonrakı 44 gün ərzində əsas şüara çevrildi.
O, Ermənistanın danışıqları pozmaq, yeni ərazilər işğal etmək və daxili problemlərdən diqqəti yayındırmaq məqsədi daşıdığını açıqladı. Müraciət zamanı şəhidlərə rəhmət diləndi və onların qanının yerdə qalmayacağı bəyan edildi.
Bu çıxış müharibənin rəsmi başlanğıcı kimi qeydə alındı və xalqda səfərbərlik dalğası yaratdı. Həmin gün ordunun əks-hücumu başladı və bu, 8 noyabr Zəfərinə qədər davam etdi.
Noyabrın 8-də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin ən ağır və strateji əməliyyatını başa çatdıraraq qədim Şuşa şəhərini işğaldan azad etdi. Prezident İlham Əliyev həmin gün Şəhidlər xiyabanında xalqa müraciət edərək böyük fəxarət hissi ilə bəyan etdi: “Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”
Bu müraciətdə vurğulandı ki, 28 il yarım işğal altında qalan Şuşa döyüş meydanında, Azərbaycan əsgərinin qanı və qəhrəmanlığı hesabına azad olunub, danışıqlar masasında yox. Prezident qeyd etdi ki, bu tarixi Qələbə Azərbaycanın hərbi, siyasi və mənəvi zəfəridir.
Müraciətdə iqtisadi müstəqillik, güclü ordu quruculuğu, milli birlik və beynəlxalq dəstəyin Qələbənin əsas amilləri olduğu xüsusi qeyd olundu. Şuşanın azad edilməsi düşmənin belini qırdı və müharibənin son mərhələsini sürətləndirdi.
Prezident şəhidlərə rəhmət dilədi, yaralılara şəfa arzuladı və bildirdi ki, Azərbaycan bayrağı Şuşada əbədi dalğalanacaq, tarixi abidələr bərpa olunacaq.
Sentyabrın 19-da səhər saatlarında Qarabağ iqtisadi rayonunda erməni silahlı birləşmələrinin törətdiyi mina terroru nəticəsində 6 azərbaycanlı (2 mülki şəxs daxil) həlak oldu. Bu hadisədən sonra Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirlərinə başladı.
Prezident İlham Əliyev sentyabrın 20-də axşam saatlarında xalqa televiziya ilə müraciət edərək əməliyyatın yüksək peşəkarlıqla, dəqiqliklə və mülki əhaliyə zərər vurmadan həyata keçirildiyini bildirdi.
Müraciətdə qeyd olundu ki, nəticədə qanunsuz erməni silahlı birləşmələri mövqelərdən çıxarılır, onların hərbi infrastrukturuna zərər vurulur və Azərbaycan öz suveren hüquqlarını tam bərpa edir.
Prezident vurğuladı ki, bu əməliyyat otuz ilə yaxın davam edən işğala və separatizmə son qoydu, Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi.
Müraciətdə Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası, normal həyata qayıtması və regionda sülhün bərqərar olması üçün addımlar atılacağı bildirildi.
Bu çıxış Azərbaycan tarixində suverenliyin tam bərpası günü kimi qiymətləndirilir və sonrakı ildə 20 sentyabr Dövlət Suverenliyi Günü kimi rəsmiləşdirildi.
İlk üç çıxış Prezident Əliyevin gücünü, missiyasını və regiondakı sərkərdəliyin aşkar formada qalibiyyəti ilə zirvəyə daşıyır, onu bütün dünyada istisinasız böyük bir liderə çevirirdi.
Daha sonra andiçmə nitqlərində, BMT-dəki çıxışlarında da həmin rekord oxunmanı və izlənməni görə bilərdik.

Tarixə imzasını atmış Ölkə rəhbərinin ilk üç çıxışı bəs edirdi ki, onu Ermənistanda daha yaxından tanısınlar və mahiyyətini, uğrunda mübarizə apardığı həqiqəti daha yaxından anlasınlar.
O çıxışlar bizim üçün qalibiyyət olduğu qədər də düşmən kəsim üçün mükəmməl bir profil tanıtımı idi. Görüntüsü, səsi, replikaları, jestləri unudulacaq kimi deyildi. Bu, özünü nağıllar və uydurmalar içində zənn edib, başqasının halal torpaqlarına göz dikənlərə tarixi cəza və cavab idi.
Vətən müharibəsinin ən ideal tərəfi o idi ki, qalibiyyət özündən sonra qisasçı və revanşçı ruh saxlamadı.
Qalibiyyətin hərbi enerjisini əməkdaşlığa, iqtisadi münasibətlərə çevirib, düşmən olan kəsimi də güllədən daha kəskin – iqtisadi imkanlarla ram etməyi bacardı.
Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına onlayn qatılan prezidentin səsini ilk növbədə erməni sosiumu eşitmiş oldu.
6 il əvvələ dönüb, iri ekran boyda görünən şəxsin səsindən dejavü yaşamaya bilməzdilər.
Tədbirin keçirildiyi məkana doğru hay-küylə cuman, hücum edən Karapetyanın tərəfdarlarının çığırtısını böyük ekrandan səslənən Əliyevin çıxışı eşidilməz edirdi.
Azərbaycana qarşı çıxış edən, qisas hissi ilə alışıb yananlara ən böyük cavab İrəvanın ekranlarından istifadə edərək separtaçılara və onları rövnəqləndirən xarici qüvvələrə dediyi sözlərdə idi.
Hətta həmin video-müraciətin effekti o qədər güclü idi ki, bəzi separatçı sosial media fəalları Paşinyanı Əliyevin arxasında gizlənməkdə günahlandırmağa başladılar.
İrəvan ekranlarına daşınan tarixi çıxış barədə isə tamamilə fərqli düşünmək lazımdır.
Əliyev müharibə missiyasını bir müddət əvvəl yekunlaşdırdı, Azərbaycanın başına suverenlik tacını qoyanda.
İndi isə o bir regional lider kimi bütün QAFQAZA səslənir:
Qalib liderin Qafqazı xilas çıxışı – manifestini eşidir bütün Avropa.
O Avropa ki, Paşinyan qondarma soyqırımı iddialarından qaçarkən, onlar zorla erməni xalqını təkrar tarixin çarxlarının ağzına itələyərək məhvinə səbəb olmağa çalışırlar.
Əliyev onlara da sözlərini çatdırdı.
Əsas mesajı Qafqaz adına sülh idi və sülhün əsas düsturu kimi onun xilas edilməsini ortaya sürürdü.
Əliyevin Qafqaz nitqi -deyək ona.
Bu da çoxsaylı izlənən, tirajlanan və istinad edilən daha bir tarixi çıxış olacaq.
Hər şeyə rəğmən, Avropada bir kabus dolaşmaqdadır.
Lakin Avropada, Qafqazda isə günəş doğmağa hazırlaşır.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı
tag: Prezident,İlham Əliyev,İrəvan,Çıxış,Todaypress.tv,
