İlanın ağı da, qarası da... — Milyonlarla sərvət hara "sürünüb", yox olur?
Təhlil
12.05.2026 17:37
Son zamanlar Azərbaycanda, xüsusən də Abşeronda ilanlarla bağlı xəbərlər artıb. Sosial şəbəkələrdə hər gün bir ilan fotosu görürük. Çoxumuz qorxuya düşüb onları öldürməyə çalışırıq. Amma gəlin məsələyə bir az dərindən baxaq: İlanlar həqiqətənmi bizi "işğal" edir?
Əslində, ilanların sayı artmayıb. Sadəcə, biz onların yaşadığı yerlərdə daha çox evlər tikirik. Şəhər genişləndikcə onların mühitinə daxil oluruq. Üstəlik, yay istisində ilanlar daha aktiv olur. Ekspertlər deyir ki, ilanların sayı artmaq əvəzinə, getdikcə azalır.
İlanları düşmən kimi görsək də, onlar təbiətin "sanitarlarıdır". Bir ilan gün ərzində bir neçə siçan ovlayır. Əgər ilanlar və tülkülər olmasa, siçanlar hər yeri basar. Bu isə həm məhsulun məhv olması, həm də təhlükəli xəstəliklər deməkdir.
Bura Hanta virusu da daxildir. Bu virus siçanların tüpürcəyi və nəcisi vasitəsilə yayılır. İnsan siçan olan yerdə nəfəs alanda belə buna yoluxa bilər. Azərbaycanda hələ ki, bu xəstəlik kütləvi hal almayıb, amma risk hər zaman var. Yəni, bir ilanı öldürəndə dolayısı ilə onlarla siçanın yolunu açmış oluruq.
İlan həm də böyük pul deməkdir. Onun zəhəri (xüsusən də gürzənin) tibb üçün tapılmaz xammaldır. Düzgün dozada istifadə edildikdə bu zəhər ağrıkəsici olur, təzyiq və astma kimi xəstəliklərin dərmanı kimi istifadə edilir.
Dünyada 1 qram quru ilan zəhərinin qiyməti 100 dollardan 1500 dollara qədər çıxır. Bu, qızıldan da bahadır. 1 kiloqramı isə milyonlarla dollar edir.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
Sovet vaxtı Ağsu rayonu kimi yerlərdə böyük zəhər mərkəzləri olub. AMEA Zoologiya İnstitutunda sovet mirası olaraq təxminən 19-20 kq zəhər saxlanılıb (keçmiş illərdə 20 milyon dollar dəyərində qiymətləndirilib). Azərbaycan hər il təxminən 2 kiloqram zəhər ixrac edib ölkəyə milyonlarla dollar gətirə bilər.
2015-2018-ci illərdə ixrac üçün danışıqlar aparılıb, Rusiya və Türkiyə ilə əməkdaşlıq planlaşdırılıb, amma tam miqyaslı istehsal bərpa olunmayıb. Bunun üçün sadəcə müasir avadanlıq və beynəlxalq sertifikatlar lazımdır. Bu, neftdən asılı olmayan əla bir gəlir mənbəyi ola bilər.
Təbiətdə hər şey bir-biri ilə bağlıdır. İlanı məhv etmək zənciri qırmaqdır. Onları qorumaq həm sağlamlığımızı qorumaq, həm də gələcəkdə böyük iqtisadi gəlir əldə etmək deməkdir. Bir damcı zəhər öldürə bilər, amma elm adamının əlində həyat qurtarır. Təbiətlə savaşmaq deyil, onunla dil tapmaq lazımdır.
Qiymət Mahir
tag: Azərbaycan,Abşeron,İlan,Zəhər,Todaypress.tv,
