Hörmüz bağlandı, gözlər Bakıya dikildi: Avropanın “dəmir ledi”si Azərbaycandadır!
Təhlil
04.05.2026 18:19
İtaliya Baş naziri Ciorcia Meloni Bakıya səfərə gəlib. İrəvandakı Avropa sammitindən dərhal sonra Bakıya gəlmək İtaliyanın həm enerji təhlükəsizliyi planlarını, həm də Cənubi Qafqaza yeni baxışını nümayiş etdirir.

Nəzərə almaq lazımdır ki, İtaliya həm Rusiyadan asılılığı bitirmək, həm də Yaxın Şərqdəki (məsələn, Hörmüz boğazı) risklərdən qaçmaq üçün Azərbaycanı ən etibarlı tərəfdaş sayır. Azərbaycan İtaliyanın ən böyük ticarət tərəfdaşlarından biridir (ixracın təxminən yarısı İtaliyanın payına düşür). TAP kəməri ilə gələn Azərbaycan qazı İtaliyanın ehtiyacının 16%-dən çoxunu ödəyir və bu həcm getdikcə artır.
Burada investisiya bağlarına da diqqət çəkmək lazım gəlir. SOCAR-ın İtaliyadakı "İtaliana Petroli" kimi böyük şəbəkələri alması münasibətləri sadəcə "alış-veriş" səviyyəsindən çıxarıb, dərin tərəfdaşlığa çevirib. Meloni bu səfərdə həm qaz həcminin artırılmasını, həm də Xəzərdən Avropaya çəkiləcək "Yaşıl Enerji Koridoru" layihəsini müzakirə edə bilər.

Bəs Meloninin İrəvan sammitindən dərhal sonra Bakıya gəlməsi nəyə hesablanıb?
İtaliya enerji məsələlərində Avropa İttifaqı daxilində daha sərbəst və fəal hərəkət edir. Ermənistanın Qərbə yaxınlaşdığı bir vaxtda Bakıya gəlmək o deməkdir ki, Avropa hər iki tərəflə işləməkdə maraqlıdır. Həmçinin Yaxın Şərqdəki gərginlik fonunda "Cənub Qaz Dəhlizi" kimi yollar indi daha qiymətli olub.
İtaliya SOCAR vasitəsilə öz daxilində güclü enerji şəbəkəsi qurur və Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya çıxış qazanır. Bu, Meloninin "İtaliyanı enerji mərkəzinə çevirmək" planına tam uyğundur. Burada bölgədə hələ də davam edən qeyri-sabitlik və Avropa daxilindəki fərqli iqlim siyasətləri əsas maneələrdir.
Azərbaycan üçün bu səfər nəyi ifadə edəcək?
Bakı üçün bu görüş Avropaya qaz satışını şaxələndirmək, İtaliya kimi güclü bir ölkənin siyasi dəstəyini almaq, kənd təsərrüfatı, kosmos və texnologiya kimi qeyri-neft sahələrinə yeni yatırımlar cəlb etmək şansıdır. Artıq 18 fərqli sahəni əhatə edən böyük bir fəaliyyət planı (2026-2027) masadadır və bu səfər həmin planı sürətləndirəcək.
Təsadüfi deyil ki, Rusiyanın təsiri azaldıqca, Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artır.
Qiymət Mahir
tag: İtaliya,Corcia Meloni,Azərbaycan,Səfər,Todaypress.tv,
