Ermənistandan TARİXİ ÖHDƏLİK: Sammitdə Qarabağın adı çəkilməyəcək!
Təhlil
04.05.2026 13:46
Mayın 5-də İrəvanda keçiriləcək birinci Ermənistan–Avropa İttifaqı sammitinin birgə bəyanat layihəsində Azərbaycan–Ermənistan sülh prosesinə dəstək ifadə olunsa da, Qarabağla bağlı ən həssas humanitar məsələlərə toxunulmayacaq.
Sənəddə Qarabağdan olan ermənilərin geri qayıdışı ilə bağlı hər hansı çağırış yer almayacaq, Bakıda saxlanılan erməni vətəndaşları haqqında da heç bir qeyd edilməyib.
Əvəzində tərəflər sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində səylərə dəstək verəcəklərini bildirəcəklər.
Bu yanaşma Avropa İttifaqının Cənubi Qafqazda daha praqmatik mövqe tutduğunu göstərir. Brüssel əsas diqqətini enerji təhlükəsizliyi, regional əlaqələndirmə layihələri, xüsusilə, Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan enerji kabeli məsələsinə və uzunmüddətli sabitliyə yönəldir. Keçmiş münaqişənin humanitar aspektlərini ön plana çıxarmaq əvəzinə, gələcək əməkdaşlığa fokuslanmaq üstünlük təşkil edir.
Ermənistan tərəfi sammit ərəfəsində Qarabağdan olan ermənilərin qayıdışı və digər humanitar məsələləri gündəmə gətirməyə çalışsa da, birgə sənəddə bu mövzulara yer verilməməsi diqqət çəkir. Bu isə Avropanın məsələlərin böyük əksəriyyətinin ikitərəfli danışıqlar çərçivəsində həllini daha məqsədəuyğun hesab etdiyini göstərir.
Xatırladaq ki, sammitə bir neçə gün qalmış, aprelin 30-da Avropa Parlamenti “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə qəbul edib. Qətnamədə Qarabağ ermənilərinin “təhlükəsiz və ləyaqətli qayıdış hüququ”, mədəni irsin qorunması və Bakıda saxlanılan erməni hərbi əsirlərinin və digər şəxslərin “dərhal və qeyd-şərtsiz” azad edilməsi ilə bağlı bəndlər yer alıb. Azərbaycan tərəfi bu sənədi qərəzli, əsassız və anti-Azərbaycan aksiyası kimi qiymətləndirib.
Bu qətnaməyə cavab olaraq mayın 1-də Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırıb, EU-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakını dayandırıb və Euronest Parlament Assambleyasından çıxma prosesinə start verib.
Xarici İşlər Nazirliyi də Avropa İttifaqının Bakıdakı səfirini çağıraraq rəsmi protest notası verib.
Bununla belə, Azərbaycan Avropa İttifaqı ilə, xüsusilə enerji və iqtisadi əməkdaşlıq sahələrində münasibətləri davam etdirməyə hazır olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin zirvə toplantısına onlayn formatda qoşulması da Bakının regional dialoqa konstruktiv yanaşmasını təsdiqləyir.
İrəvan sammitinin bəyanatı Qarabağ məsələsində Avropanın mövqeyində müəyyən reallıqlara uyğunlaşma əlaməti kimi qiymətləndirilə bilər.
Humanitar çağırışların kənarda qalması sülh prosesinə ümumi dəstəyin ön plana çıxması ilə yanaşı, regionda yeni mərhələnin başlandığını göstərir. Son gərginliklərə baxmayaraq, Azərbaycan prinsipial mövqeyini qoruyaraq strateji əməkdaşlıq imkanlarını da nəzərdən qaçırmır. Bu isə həm Bakının, həm də Brüsselin praqmatizmini sınağa çəkən mühüm məqamdır.
Jalə Rövşən
tag: İrəvan,Sammit,Azərbaycan,Ermənistan,Todaypress.tv,
