Ermənistan QAZAXISTAN variantını təklif etdi – Moskvadan SƏRT REAKSİYA gəldi
Təhlil
31.03.2026 15:11
Rusiyanın nəqliyyat naziri Andrey Nikitin “RİA”ya müsahibəsində bildirib ki,
Moskva Qazaxıstan üçün Ermənistanın dəmir yollarının idarə olunmasına görə güzəşt danışıqları aparmır.
“Birincisi, heç kimə heç bir güzəşt etmək planımız yoxdur. İkincisi, Ermənistandakı həmkarlarımız və tərəfdaşlarımız bu məsələləri bizimlə rəsmi səviyyədə müzakirə etməyiblər”, - deyə Nikitin vurğulayıb.
Sözügedən mövzunu politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistanda dəmir yollarını idarə etməsini istəmir:
“Səhv etmirəmsə, 2038-ci ilə qədər Rusiya belə bir hüquqa malikdir. Bununla belə, Rusiya Ermənistan dəmir yollarının inkişafına lazım olan sərmayəni qoymur, yəni onların bərpasına və modernləşdirilməsinə maliyyə ayırmır. Ola bilər ki, indi imkanları yoxdur və ya Paşinyan hakimiyyəti ilə Rusiya hələlik bu məsələləri müzakirə etmək istəmir”.
O bildirib ki, alternativ kimi üçüncü ölkənin bu sistemin idarəsini üzərinə götürməsi məsələsi gündəmdədir:
“Hər halda, Qazaxıstan türk dövləti olsa da, Qazaxıstan-Ermənistan münasibətləri yaxşıdır və indiki hakimiyyətlə münasibətləri stabildir. Əgər Rusiyanın ciddi etirazı olmazsa, bu mümkündür. Amma belə başa düşürəm ki, hələlik Qazaxıstana bu hüquq verilmir. Yalnız maliyyə imkanları olan, Ermənistan dəmir yollarına sərmayə qoymağa qadir bir dövlət bu vəzifəni üzərinə götürə bilər”.
Analitik hesab edir ki, Rusiya buna mane olacaq:
“Burada əvvəlcə Ermənistan hökumətinin mövqeyi mühümdür. Həm Rusiyanın öz vəziyyəti, həm də İrandakı proseslərin gedişatı müəyyən risklər yaradır. Bu məsələ bir müddət təxirə salına bilər. Eyni zamanda mümkündür ki, Rusiya və Ermənistan arasında razılıq əldə olunarsa, dəmir yollarının idarə olunması hansısa bir ölkəyə verilsin. Amma düşünürəm ki, hələlik Rusiya buna mane olacaq. Moskva ən azı seçkilərə qədər çalışacaq ki, Ermənistanda müsbət tendensiyalar yaranmasın və Paşinyan bunu siyasi dividentə çevirə bilməsin. Yalnız seçkilərdən sonra bu mümkündür”.
Əli Mustafa sonda vurğulayıb ki, hər bir halda Ermənistan Rusiyanın burada qalmasını istəmir:
“Ermənistan dəmir yolları köhnədir və sovet dövründən qalıb. Bildiyim qədər, Rusiya ora müəyyən qədər sərmayə qoyub və bəzi işlər görüb, amma bu kifayət etmir. Ermənistan dəmir yollarının yenilənməsi üçün ciddi vəsait lazımdır, amma ölkənin özü bunu həyata keçirə bilmir. Odur ki, hansısa üçüncü ölkə bu vəzifəni üzərinə götürsə və tərəflər razılaşsa, bu mümkündür. Və istisna deyil ki, həmin ölkə Qazaxıstan da ola bilər”.
Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistan respublikanın dəmir yolu nəqliyyat sistemini Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyinə təhvil verən müqavilə imzalayıb. Müqavilə 30 illikdir və əlavə on illik uzadılma imkanını nəzərdə tutur.
2025-ci ilin dekabrında Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı tərəfdaşlarından dəmir yolunun Türkiyə və Azərbaycanla sərhədlərə aparan hissələrini tez bir zamanda bərpa etmələrini istəyib (bu hissələr Ermənistan və ABŞ arasında "Tramp marşrutu" nəqliyyat layihəsinin həyata keçirilməsi üçün lazımdır).
Martın əvvəlində isə Baş nazir Rusiya ilə dəmir yolu idarəetməsinin Qazaxıstan, BƏƏ və ya Qətər kimi başqa bir ölkəyə verilməsi ilə bağlı müzakirələr apardıqlarını açıqlayıb.
Son olaraq martın 26-da Paşinyan ümid etdiyini bildirmişdi ki, Rusiya və Ermənistan idarəetmənin qazax tərəfdaşlara verilməsi barədə razılığa gələcək. Lakin indiyədək onun rusiyalı tərəfdaşları bu variantı təsdiqləməyiblər.
Jalə Rövşən
tag: Əli Mustafa,Politoloq,Ermənistan,Qazaxıstan,Todaypress.tv,
