Dörd min NATO hərbçisinin məlumatları necə ifşa oldu? Günahkar idman tətbiqidir...
Belçikada yerləşən NATO komanda mərkəzləri və hərbi bazalarında xidmət edən 4 minədək hərbçinin məlumatları "Strava" idman tətbiqindən istifadə nəticəsində sızıb.
TodayPress TV xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken ölkə parlamentində keçirilən dinləmələrdə danışıb.
O, baş verənlərə görə hərbçiləri səhlənkarlıqda ittiham edib:
“Şəxsi telefonlardan istifadə ilə bağlı dəqiq təlimatlar mövcuddur, lakin bəzi hərbçilər onlara açıq şəkildə əməl etmirlər”.
Nazir idman tətbiqi vasitəsilə bir sıra həssas hərbi obyektlərə dair məlumatların sızdığını etiraf edib. Bunların arasında Mons şəhərində yerləşən NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin qərargahı, Brüsseldəki NATO mənzil-qərargahı, yeni F-35 qırıcılarının yerləşdiyi Florenn aviabazası və rəsmi şəkildə təsdiqlənməmiş məlumatlara görə, ABŞ-nin taktiki nüvə silahlarının saxlanıldığı Kleyn-Brogel aviabazası var.
Aysel Mətləb