Ermənistan daxildə ÖLÜM - DİRİM savaşına girir, həftəlik tendensiyalar müharibə qoxur

Təhlil

28.04.2026 12:12

Ötən həftə - 20–26 aprel tarixində Ermənistan mediasında əsas trendlər 111-ci qondarma soyqırımı anım günü, Paşinyan hökumətinin Qərbə inteqrasiya siyasəti, müxalifətlə artan gərginlik, eləcə də iqtisadi və xarici siyasət məsələləri olub. 

JAMnews, OC Media, Armenpress və Panorama kimi mənbələr gündəmi əsasən bu mövzular ətrafında formalaşdırıb. Media məkanında güclü polarizasiya müşahidə olunur: hakimiyyət “sülh və islahatlar” gündəliyini önə çəkdiyi halda, müxalifət daha çox “xəyanət” və “Rusiyadan uzaqlaşma” tezislərini vurğulayır. 

Əsas müzakirə mövzuları:

Qondarma Soyqırımın 111-ci ildönümü 

İrəvanda genişmiqyaslı  yürüşlər  və anım mərasimləri keçirilib.  Baş  nazir Paşinyan müraciətində soyqırım məsələsini  “beynəlxalq mexanizmlər” kontekstində təqdim  edib,  Türkiyə  bayrağının yandırılmasını isə “təxribat” və “məsuliyyətsizlik” kimi qiymətləndirib (aksiyanın ARF-Dashnaktsutyun tərəfindən təşkil edildiyi bildirilir).  Bu hadisələr sülh prosesinə mənfi təsir göstərən amil kimi müzakirə olunub.   

Siyasi gərginlik və seçki hazırlığı:

Müxalifət liderləri Paşinyanı “psixiatrik test”dən keçməyə çağırıblar. Paşinyan isə “kilsə islahatlarının vacibliyini” vurğulayıb. “Güclü Ermənistan” bloku seçkilərdə iştirak edəcəyini rəsmən bəyan edib. Rusiya Təhlükəsizlik Şurası isə xəbərdarlıq edib ki, Ermənistanın Avropa İttifaqına qoşulması ÜDM-in 23%-ə qədər azalmasına səbəb ola bilər.

Xarici siyasət və iqtisadiyyat:

Avropa İttifaqı demokratiyanın gücləndirilməsi və dezinformasiyaya qarşı mübarizə məqsədilə Ermənistana yeni mülki missiya göndərilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycanla vətəndaş cəmiyyəti səviyyəsində görüşlər davam edir və bu görüşlərin bir hissəsi ilk dəfə quru yol ilə həyata keçirilib. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Ermənistan iqtisadiyyatı ilə bağlı hesabatlar yayımlayıb (turizm potensialı və regional risklər vurğulanır). Bundan əlavə, Avropa çəki qaldırma çempionatında Ermənistan uğurlu nəticələr əldə edib.

Digər tərəfdən, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Azərbaycanın “maneə” rolu ilə bağlı iddialar səsləndirilib. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşma meylləri müşahidə olunur; Paşinyan bu qurum çərçivəsində fəaliyyətin bərpa edilməyəcəyini bildirib.

Görünür, Ermənistan mediasında əsas istiqamətlər Qərbə inteqrasiya və daxili siyasi mübarizə ilə bağlıdır. Paşinyan hökuməti sülh gündəliyini və Avropa ilə əməkdaşlığı ön plana çıxarır, müxalifət isə daha çox Rusiya ilə yaxın münasibətlərin qorunmasını müdafiə edir.

Qondarma Soyqırımı anım günü ilə bağlı emosional fon seçki kampaniyasına da təsir göstərir. Qısamüddətli perspektivdə siyasi polarizasiyanın dərinləşməsi, beynəlxalq təzyiqlərin artması və sülh danışıqlarının davam etməsi gözlənilir.

Jalə Rövşən

tag: Ermənistan,Media,Paşinyan,Qərb,İnteqrasiya,Todaypress.tv,