Yaşıllıqlar qələbə gətirdi? İngiltərə klubunun qeyri-adi sirri!
İngiltərənin beşinci divizionunda çıxış edən “Forest Qrin Rovers” klubu futbolçuların paltardəyişmə otağını yaşıllıqlarla bəzəyərək əsl cəngəlliyə çevirib. Bu addımın məqsədi oyunçuların stress səviyyəsini azaltmaq və diqqətini artırmaqdır.
TodayPress TV xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, bu təşəbbüs stress haqqında maarifləndirmə həftəsi çərçivəsində həyata keçirilib.
Layihəyə idman psixoloqları və Niderlandın “Plants & Flowers Foundation Holland” fondu da cəlb olunub. Əsas məqsəd futbolçuların oyunöncəsi gərginliyini azaltmaq, onların diqqətini və meydandakı fəaliyyətinin səmərəliliyini artırmaqdır.
Mütəxəssislərin fikrincə, oyunöncəsi təzyiq futbolçularda bir sıra fizioloji reaksiyalara səbəb olur. Bunlara tənəffüsün sürətlənməsi, əzələ spazmları və fikirlərin qarışması daxildir.
Canlı bitkilər isə təbii sakitləşdirici vasitə kimi çıxış edərək sinir sisteminin gərginliyini azaltmağa, diqqəti bərpa etməyə və düşüncələri aydınlaşdırmağa kömək edir. Bunun da futbolçuların meydanda daha dəqiq qərarlar qəbul etməsinə şərait yaratdığı bildirilir.
Maraqlıdır ki, paltardəyişmə otağının yenilənməsindən sonra komanda qələbə qazanıb. “Forest Qrin Rovers” “İstli”ni 2:0 hesabı ilə məğlub edib.
Namiq HUN