Ermənistanda Azərbaycana qarşı yeni cəbhə açıldı - Paşinyan ŞOKDA
Ermənistanda hakimiyyətin siyasətinə qarşı 11 müxalif siyasi qüvvə ortaq bəyanat imzalayaraq milli birlik platforması ətrafında birləşməyə çalışır. Ermənistan KİV-in məlumatına görə, bəyanata «Ermənistan» bloku, «Ayakve», «Yaşamaq üçün ölkə», «Çiçəklənən Ermənistan», Ermənistan Respublika Partiyası, Erməni Milli Konqresi və daha beş siyasi qüvvə qoşulub.
Sənəddə Ermənistanın taleyüklü çağırışlarla üzləşdiyi bildirilir, siyasi fikir ayrılıqlarına baxmayaraq, ümummilli maraqlar naminə birliyin vacibliyi vurğulanır. Müxaliflərin əsas tələbləri sırasında Azərbaycanın diktə etdiyi iddia olunan konstitusiya dəyişikliklərinin rədd edilməsi, ərazi itkiləri və birtərəfli güzəştlər olmadan sülhün təmin edilməsi, milli kimliyin və Erməni Apostol Kilsəsinin müdafiəsi, demokratik hüquq və azadlıqların bərpası yer alır.
Diqqətçəkən məqam bəyanata Ermənistanın keçmiş hakimiyyətini təmsil edən qüvvələrin də qoşulmasıdır. Sənədi sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi və keçmiş hakim Respublika Partiyası da imzalayıb. Müxalifət digər siyasi təşkilatları, ictimai və tanınmış şəxsləri də təşəbbüsə qoşulmağa çağırıb.

Mözu ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda revanşist qrup qalmaqdadır:
"Təbii ki, onlar referendumunu və müstəqillik bəyannaməsini ümumiyyətlə qüvvədən düşməsini istəmirlər, çünki yeni referendum konstitusiya dəyişkənliyinə və həmin yeni konstitusiya müstəqillik bəyannaməsinə istinad etməyəcək".
O hesab edir ki, 11 siyasi qüvvənin birləşməsi Moskvanın Ermənistanda referendum prosesinə təsir göstərmək cəhdidir:
“Paşinyan qeyd edib ki, Müstəqillik Bəyannaməsi Ermənistanın maraqlarına zərbə vurur və qonşularla münasibətlərinə mane olur. Göründüyü kimi, rəsmi İrəvan ölkənin öz Müstəqillik Bəyannaməsini milli təhlükəsizlik üçün təhdid hesab edir. Mən düşünürəm ki, bunlar real siyasi qüvvələr deyil. Onlar Moskvanın təsiri altında olan kilsə, erməni diasporası və Rusiyanın koordinasiyalı fəaliyyətinin nəticəsidir. Məqsəd növbəti referendum keçiriləcəyi təqdirdə buna qarşı vahid mövqe formalaşdırmaqdır”.
Ekspert müxalifətin əsas fiqurlarının siyasi proseslərdən kənarlaşdırıldığını vurğulayıb:
“Qeyd edim ki, Robert Köçəryan, Qarik Sarukyan və Artur Samvel Karapetyan da həbsə göndərilib. Ermənistan müxalifətinin sərt radikal qanadı artıq zərərsizləşdirilib. Serj Sərkisyan isə seçkilərdə iştirak etməyib. Göründüyü kimi, əsas fiqurların bir qismi artıq siyasi proseslərdən kənarlaşdırılıb”.
Analitikin fikrincə, Paşinyan bu bəyanatdan sonra onlara qarşı daha sərt addımlar ata bilər:
“11 siyasi qüvvənin milli birlik bəyanatı ilə çıxış etməsi Paşinyanın onlara qarşı sərt tədbirlər görməsinə əsas verə bilər. Hesab edirəm ki, o, Ermənistan-Azərbaycan normallaşma prosesinə mane olan və ölkənin normal dövlətə çevrilməsini istəməyən qüvvələrə qarşı cəza tədbirləri həyata keçirəcək.
Revanşist qrupların Azərbaycan qarşısında yeni cəbhə açmaq imkanları da məhduddur. Onlar real təhlükə yaradacaq gücdə deyillər və Ermənistan cəmiyyətində də geniş dəstəyə malik deyillər. Sadəcə olaraq, indi yenidən üzə çıxıblar. Paşinyan isə bu qüvvələri bir-bir neytrallaşdırmağa, siyasi proseslərdən kənarlaşdırmağa və həbsə göndərməyə çalışacaq”.
Jalə Rövşən