Əllər tətikdə: Hər an İran savaşı başlaya bilər

Təhlil

02.05.2026 21:31

İsrailin Müdafiə naziri İsrail Katz İranla müharibənin tezliklə bərpa oluna biləcəyini bəyan edib: 

"Məqsədlərimizə nail olmaq üçün tezliklə yenidən hərəkətə keçməyimiz lazım gələ bilər". 

Bundan əvvəl qeyd edilmişdi ki, İsrail hərəkətə keçmək üçün ABŞ-dən "yaşıl işıq" gözləyir. 

Bəs hazırki vaxtda İsrailin yenidən hərəkətə keçmə ehtimalı varmı?  

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə danışıb. 


Siyasi şərhçi bildirib ki, ABŞ-İsrail və İran müharibəsində artıq atəşkəs əldə olunub və ABŞ Prezidenti müharibənin başa çatması ilə bağlı Konqresə məktub göndərib. Buna baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu və Müdafiə naziri İsrail Katz müharibənin davam etdirilməsində maraqlıdır. Onun sözlərinə görə, hələlik ABŞ tərəfindən İsrailə belə bir addım üçün “yaşıl işıq” verilməsi gözlənilmir. 

Analitik vurğulayıb ki, hazırda tərəflər arasında danışıqlar gedir, təkliflər paketi müzakirə olunur və ABŞ daha çox “yumşaq güc” vasitələrinə, xüsusilə iqtisadi blokadanın davam etdirilməsinə üstünlük verir. 


“İran da müəyyən qədər geri çəkilməyə meyllidir, lakin ABŞ-nin müharibəyə birbaşa qoşulması ABŞ lideri Donald Trampın imicinə mənfi təsir göstərə bilər, xüsusilə də qarşıdan gələn seçkilər fonunda bu, respublikaçıların məğlubiyyəti ilə nəticələnə bilər”, - deyə ekspert qeyd edib. 

O əlavə edib ki, bu səbəbdən Tramp İranı daha çox iqtisadi sanksiyalar vasitəsilə danışıqlara məcbur etməyə çalışacaq. İsrail isə hələ də ABŞ-nin mövqeyini gözləyir və Amerikanın iştirakı olmadan İrana hücum etməyəcək. 

Aysel Mətləb

TodayPress TV

tag: İsrail,ABŞ,İran,İsrail Katz,Məhəmməd Əsədullazadə,TodayPress TV,