Ekspert: "Vaşinqton bu yolla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarır"
Təhlil
11.02.2026 17:54
Rusiyalı politoloq Aleksandr Dudçakın sözlərinə görə, ABŞ-nin Ermənistana qoyacağı investisiyaların vədləri enerji şirkətlərinin səhmlərini bahalaşdırmaq məqsədli blef ola bilər. Bu məbləğlərin kim tərəfindən ödənəcəyi məlum deyil, Prezident Trampın isə bəyanatlarını ciddi qəbul etmək düzgün deyil.
Bəs Ermənistana vəd olunan milyardlarla investisiya realdır, yoxsa Dudçak fikirlərində haqlıdır?
Açıqlamanı TodayPress TV-yə şərh edən politoloq Asif Nərimanlı bildirib ki, Aleksey Dudçakın verdiyi açıqlama əslində Rusiyanın Amerika-Ermənistan münasibətlərinə və ümumilikdə Amerikanın Cənubi Qafqaz siyasətinə dair apardığı anti-kampaniyanın bir hissəsidir.

Buradakı məqsəd Amerikanın Cənubi Qafqaz siyasəti ilə bağlı yanlış rəy formalaşdırmaq, verilən vədlərin və ya Amerika siyasətinin etibarsız olduğunu göstərməkdir.
Onun sözlərinə görə, belə açıqlamalar kifayət qədər çoxdur. Xüsusən Vensin səfərindən sonra bu, Rusiya mediasında, o cümlədən Ermənistanda Rusiyaya yaxın media qurumlarında mütəmadi şəkildə müşahidə olunur. Buradakı məqsəd ictimai rəyin Amerika əleyhinə formalaşdırılmasıdır.
O, əlavə edib ki, konkret olaraq investisiya məsələsinə gəldikdə, burada qeyri-real heç nə yoxdur:
"Vensin səfəri zamanı Amerika ilə Ermənistan arasında mülki nüvə müqaviləsi bağlanıb. Bu müqaviləyə əsasən, Amerika Ermənistanda modul tipli nüvə stansiyaları tikməlidir və bunun üçün təxminən 10 milyard dollar investisiya qoyulacağı bildirilir. Söhbət nüvə elektrik stansiyasının tikintisindən getdiyi üçün bu rəqəm real görünür".
Ekspert qeyd edib ki, Ermənistanın nüvə enerjisi sektorunda iki əsas məsələ aktualdır. Mövcud Metsamor Atom Elektrik Stansiyası artıq köhnəlib və bu stansiyanı işlədən Rusiyaya məxsus Rosatom şirkəti təklif edir ki, ya Metsamor stansiyasını yeniləsin, ya da tamamilə yeni stansiya tiksin. Bununla bağlı 2024-cü ilin sonundan Ermənistan və Rusiya arasında ciddi müzakirələr gedir. Hətta son olaraq Simonyanın Moskvaya səfəri zamanı bu məsələ bir daha müzakirə olunub.

Politoloq vurğulayıb ki, Vensin səfərindən sonra, Amerika və Ermənistan arasında mülki nüvə müqaviləsi bağlandıqdan sonra, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində məsələyə toxunub. O qeyd edib ki, Rosatom tezliklə Ermənistanda yeni stansiya tikə bilər və bunun sınaqdan keçmiş təcrübəsi var. Bu açıqlama əslində Amerikanın modul tipli nüvə stansiyalarının tikintisinə qarşı yönəldilmişdi.
"Beləliklə, 10 milyard dollara yaxın investisiya realdır və modul tipli nüvə stansiyalarının tikintisi üçün normal bir rəqəmdir. Rusiyanın məqsədi isə Ermənistanın nüvə enerjisi sektorundakı mövqelərini qorumaqdır. Rusiya uzun müddətdir Ermənistanı yeni atom elektrik stansiyası tikməyə və ya Metsamoru bərpa etməyə çağırır, amma Ermənistan hökuməti hələ də bu məsələdə tərəddüd edir. Bunun səbəbi Amerikanın təklif etdiyi modul tipli nüvə stansiyalarının Ermənistan üçün daha məqbul variant olmasıdır", - analitik bildirib.
Asif Nərimanlı qeyd edib ki, Amerika-Ermənistan müqavilələri Rusiyanın Cənubi Qafqaz mövqelərini zəiflədir:

"Rusiyanı narahat edən əsas məsələ budur ki, əgər Amerika ilə Ermənistan arasında bağlanan mülki nüvə müqaviləsi reallaşarsa, Rusiya Ermənistanın nüvə enerjisi sektorundan çıxmalı olacaq ki, bu da onun üçün ciddi itki deməkdir. Ümumilikdə isə Amerikanın Cənubi Qafqaz siyasəti Rusiyanın bölgədəki mövqelərini risk altına qoyur. Vensin səfəri və bu səfər zamanı İrəvan və Bakıda imzalanan müqavilələr göstərir ki, artıq Amerika bölgədə əsas söz sahibinə çevrilir. Həmçinin ən mühüm layihə olan TRIPP layihəsində də Amerika iştirak edir, Rusiya isə yoxdur. Bu, Rusiyanın Cənubi Qafqazdan tədricən çıxmasının başlanğıcı hesab oluna bilər".
Ekspert sonda əlavə edib ki, Rusiya onsuz da Ukrayna müharibəsindən sonra bölgədə mövqelərini itirmişdi və bu mövqeləri bərpa edə bilmir: “Əksinə, vəziyyət getdikcə pisləşir. Mənim fikrimcə, Rusiya mediasında və hərbi-siyasi ekspertlər arasında müşahidə olunan isteriya Vensin səfəri fonunda baş verir və səbəbsiz deyil. Bu, Rusiyanın, Ermənistan da daxil olmaqla, Cənubi Qafqazdakı mövqelərini itirməsindən qaynaqlanır. Bu kontekstdə Dudçakın açıqlaması da əslində ictimai rəyi aldatmağa hesablanmış bir açıqlamadır”.
Jalə Rövşən
tag: Asif Nərimanlı,Politoloq,Vaşinqton, Rusiya,Todaypress.tv,
