Dünya bu SİQNALI gözləyir: İran bir neçə günə nə edəcək?
Təhlil
22.04.2026 13:11
ABŞ Prezidenti Donald Tramp Pakistanın təklifi ilə atəşkəs müddətini uzadıb. Bu vəziyyətə kənardan baxanda ortaya çıxan mənzərə bir az fərqlidir. Görünən odur ki, formal açıqlamalarla real proseslər üst-üstə düşmür.
Atəşkəs kağız üzərində bitib, amma eyni vaxtda Donald Tramp onu uzadır. Bu, klassik razılaşma deyil. Daha çox “dayan, amma hazır ol” tipli bir vəziyyətdir. Yəni tərəflər geri çəkilməyib, sadəcə temp aşağı salınıb.
Burda İranın susması xüsusilə diqqət çəkir. Adətən belə hallarda ya açıq rədd olur, ya da şərtlərlə razılıq. Burada isə heç nə yoxdur. Bu da onu göstərir ki, qərar hələ yekunlaşmayıb və ya yuxarıdan siqnal gözlənilir. Böyük ehtimalla son söz Müctəba Xamenei kimi fiqurların mövqeyindən asılıdır.
Daxildə isə ritorika tam fərqlidir. Qalibafın sərt çıxışı, mitinqlər, raketlərin nümayişi – bunlar daha çox daxili auditoriyaya mesajdır. Yəni hökumət zəif görünmək istəmir. Bu tip addımlar adətən real qərarsızlıq olanda daha çox olur.
ABŞ tərəfi isə paralel olaraq informasiya xəttini işləyir. Ağ Ev tərəfindən “məqsədlərə nail olundu” açıqlaması faktiki vəziyyətdən çox mövqe formalaşdırmaq üçündür. Çünki eyni vaxtda blokada qalır və hərbi hazırlıq saxlanılır. Əgər hər şey bitmişdisə, bu qədər hazırlığa ehtiyac olmazdı.
Ərbilə edilən zərbə də göstərir ki, proses tək bir xətt üzrə getmir. İran birbaşa toqquşmadan qaçaraq yan istiqamətlərdə təzyiq yaradır. Bu, riski yaymaq üçündür – bir nöqtədə partlamasın deyə, bir neçə yerdə gərginlik saxlayır.
Ən həssas məsələ isə Hörmüz ətrafıdır. Orada hər hansı real gərginlik artıq təkcə region məsələsi deyil, birbaşa enerji bazarına təsir edir. Ona görə də ora ilə bağlı istənilən siqnal ciddi qəbul olunur.
ABŞ daxilinə gəlsək, burda da vəziyyət tam stabil deyil. Tulsi Gabbard ətrafındakı hadisələr göstərir ki, mövzu artıq daxili siyasətə qarışıb. Bu da qərarların daha sərt və bəzən daha riskli ola biləcəyini göstərir.
Tərəflər hələ müharibəyə keçmək istəmir, amma geri də çəkilmir. Hamı mövqeyini gücləndirir və qarşı tərəfin axsamasını gözləyir. Bəs İran yaxın günlərdə nə edəcək? Oradan gələcək siqnal bütün dinamikanı dəyişə bilər.
Jalə Rövşən
tag: ABŞ,Donald Tramp,İran,Müctəba Xamenei,Todaypress.tv,
