Bişkekdə "boşanma" baş tutdu - Rusiya və Ermənistan "ayrıldı"
Bişkekdə heç kim heç nə imzalamadı. Amma orada bir müqavilə öldü. Özü də elə bir müqavilə ki, onun heç vaxt kağızı olmamışdı.
TodayPress TV xəbər verir ki, bu fikirləri hərbi ekspert Şahin Qocayev bildirib.
"30 il boyunca Ermənistanla Rusiya arasında görünməz bir saziş işləyirdi. Onun şərtləri heç bir arxivdə saxlanmır, amma hər 2 paytaxtda hamı onları əzbər bilirdi. Ermənistan öz strateji azadlığını Moskvaya təhvil verir, Moskva isə əvəzində Ermənistanın təhlükəsizliyinə zamin durur. Gümrüdəki 102-ci baza bu sazişin möhürü, Avrasiya İqtisadi Birliyi isə onun iqtisadi əlavəsi idi.
Bişkekdə Putin bu sazişin hər 2 sütununu şərti formaya saldı: “Ermənistan Avropa İttifaqını seçirsə, Rusiya iqtisadi münasibətlərə yenidən baxacaq. Ermənistana Gümrü bazası lazım deyilsə, rus qoşunları elə sabah çıxa bilər”. Zahirən bunlar 2 ayrı bəyanatdır. Əslində isə eyni cümlənin 2 yarısıdır və o cümlənin mənası budur. Köhnə saziş qüvvədən düşüb, yenisinin şərtlərini danışmağa hazıram.
Yazılmamış müqavilələr yazılmışlardan güclü olur, çünki onları məhkəmədə mübahisələndirmək mümkün deyil. Amma onların bir zəif yeri var. Onlar yalnız hər 2 tərəf inandığı müddətdə yaşayır. İnam gedəndə müqavilə də gedir və heç kim onun dəfn tarixini dəqiq deyə bilmir.
Bu inam Bişkekdə ölmədi. O, daha əvvəl, mərhələ-mərhələ öldü.
2020-ci ilin payızında Ermənistan gördü ki, zamin durmuş tərəf müharibəyə qarışmır. İrəvan o zaman bunu istisna hal kimi izah etməyə çalışdı. Baza Qarabağa şamil olunmur və hüquqi əsas yox idi. İzahatlar nə qədər məntiqli səslənsə də, erməni cəmiyyətinin şüurunda ilk çat əmələ gəldi. Zəmanət sən onu yoxlayana qədər zəmanətdir.
Sonra 2023-cü il gəldi və Qarabağdakı separatçı rejim rus sülhməramlılarının gözü qarşısında tarixə qovuşdu. Azərbaycan üçün bu, ərazi bütövlüyünün tam bərpası, Ermənistan üçün isə köhnə təhlükəsizlik modelinin son auditi idi. Moskvanın regiondakı hərbi mövcudluğunun İrəvana heç bir siyasi divident vermədiyi daha gizlədilə bilməyən fakta çevrildi.
Bişkek bu prosesin başlanğıcı deyil, protokolla təsdiqidir. Tərəflər artıq baş vermiş boşanmanı ilk dəfə bir-birinin üzünə dedilər.
Bəs bundan sonra nə olacaq? Məhz burada məsələ Ermənistanın daxili işi olmaqdan çıxıb regional məsələyə çevrilir.
Rusiyanın gətirdiyi hesaba baxaq. Bişkekdəki rus nümayəndə heyətinin tərkibi təsadüfi deyildi. Masada “Rosatom”un, Rusiya dəmir yollarının, energetika və nəqliyyat qurumlarının rəhbərləri oturmuşdu. Bu, hərbçilərin deyil, mühasiblərin heyətidir. Moskva Ermənistanla söhbəti qoşun dilindən tarif dilinə keçirib və bu keçidin öz məntiqi var. Ordu ilə saxlanılan təsir gedəndə arxada boşluq qalır. Qaz kəməri, atom stansiyası və dəmir yolu ilə saxlanılan təsir isə gedəndə arxada faktura qalır. Rusiya Ermənistandan çıxsa belə, çıxışın hər addımını pulla ölçmək niyyətindədir.
Ermənistanın vəziyyəti isə tarixin qəribə bir təkrarına bənzəyir. 1918-ci ildə erməni dövləti imperiya dağılanda meydana çıxdı və öz ayaqları üzərində durmağı bacarmadan yıxıldı. 1991-ci ildə müstəqillik ikinci dəfə gəldi və İrəvan sonrakı onilliklərdə təhlükəsizliyini, enerjisini, dəmir yolunu və bazarını yenidən keçmiş mərkəzə bağladı. İndi eyni sual üçüncü dəfə qapını döyür və bu dəfə sualın forması dəyişib. Söhbət artıq hansı himayədarı seçməkdən getmir. Söhbət himayədarsız yaşamağı öyrənməkdən gedir.
Azərbaycan bu dərsi çoxdan keçib. Bakı heç vaxt təhlükəsizliyini 1 ünvana həvalə etmədi, ərazisində yad qarnizon saxlamadı və iqtisadiyyatını tək bazara bağlamadı. Qəbələ radiolokasiya stansiyası 2012-ci ildə şərtlər uyğun gəlmədiyi üçün bağlananda bunun nə fəlakət, nə də qəhrəmanlıq olmadığı göründü. Bu, sadəcə suveren dövlətin adi qərarı idi. Ermənistanda indi tarixi dönüş kimi müzakirə olunan addımlar Azərbaycan üçün çoxdan gündəlik siyasətin normasıdır. Aradakı bu təcrübə fərqi regionda gücün əsl mənbəyini göstərir. Güc bayraqların sayında deyil, qərarların kimə məxsus olmasındadır.
Amma Bakının bu prosesə münasibəti sevinc deyil, ayıq maraqdır.
Rusiyanın Ermənistandan çəkilməsi öz-özlüyündə regionu sabit etmir. Çəkilən imperiyanın arxasında qalan boşluğu kim dolduracaq sualı hələ açıqdır və o boşluğa iddialı olanlar az deyil. Ermənistanın Qərblə hərbi əməkdaşlığı dərinləşərsə və bu əməkdaşlıq regional balansı pozan xarakter alarsa, köhnə asılılığın yerini yenisi tutmuş olacaq. Cənubi Qafqazın son 200 illik təcrübəsi göstərir ki, kənar qarantlar gətirdikləri təhlükəsizlikdən çox asılılıq gətirirlər. Adların dəyişməsi mahiyyəti dəyişmir.
Buna görə Azərbaycanın təklif etdiyi model fərqlidir. Regionun təhlükəsizliyi kənardan idxal olunmamalıdır, daxildə istehsal olunmalıdır. Sülh sazişi, açıq kommunikasiyalar, qarşılıqlı ticarət və qonşular arasında birbaşa danışıqlar hansısa bazadan daha etibarlı zəmanətdir. Ermənistana bu yolda ən çox kömək edə biləcək amil Moskva ilə Brüssel arasındakı seçim deyil, öz qonşuları ilə münasibətlərin normallaşmasıdır. Türkiyə sərhədinin açılması Ermənistan iqtisadiyyatına istənilən inteqrasiya layihəsindən çox nəfəs verər. Azərbaycanla ticarətin genişlənməsi istənilən xarici qarantdan çox sabitlik gətirər. İrəvanın azadlıq yolu qəribə səslənsə də Vaşinqtondan və Parisdən deyil, Bakıdan və Ankaradan keçir.
Bişkekdə səslənən sabah çıxarıq cümləsinə qayıdaq. Bu cümləni hədə kimi oxumaq da olar, imkan kimi oxumaq da. Amma onun ən dəqiq oxunuşu sualdır. Rusiya Ermənistandan soruşur ki, məndən sonra ayaqda dura biləcəksənmi? Bu sualın cavabı Moskvada yoxdur. Bu sualın cavabı İrəvanın öz iqtisadiyyatında, öz konstitusiyasında və ən əsası qonşuları ilə quracağı sülhün keyfiyyətindədir.
Yazılmamış müqavilələr öləndə matəm saxlanmır. Onların yerində ya yeni asılılıq yaranır, ya da dövlət böyüyür. Ermənistanın qarşısındakı yol ayrıcı budur və bu dəfə seçimi nə Moskva edəcək, nə Brüssel. Tarix nadir hallarda eyni xalqa 3-cü şansı verir. Cənubi Qafqaz isə öz növbəsində gözləyir ki, qonşu bu şansı necə istifadə edəcək. Çünki açıq sərhədlər dövründə hər dövlətin gücü artıq təkcə özünün deyil, bütün regionun sərvətidir", - deyə o əlavə edib.
Aysel Mətləb