Almaniyanın Moskvadakı diplomatı Rusiya XİN-ə çağırıldı
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finkeni Almaniya hakimiyyətinin Rusiyaya qarşı son addımları və bəyanatları ilə əlaqədar nazirliyə çağırıb.
TodayPress TV “İnterfaks”a istinadən xəbər verir ki, diplomat sentyabrın 2-də Rusiya XİN-in Smolenskaya meydanındakı binasına dəvət olunub və burada bir saata yaxın söhbət aparılıb.
Qeyd edək ki, Rusiya XİN bu addımı bir qədər əvvəl Almaniyanın avqustun 4-də Leypsiq hava limanında baş verən dron hadisəsində Rusiyanın iştirakı olduğunu açıqlamasından sonra atıb.
Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayevi çağıraraq ona etirazını bildirib. Berlin həmçinin Rusiyaya qarşı sanksiyalar elan edib və Bonndakı Rusiya Baş Konsulluğunun sentyabrın 18-dək bağlanmasını tələb edib.
Bundan əlavə, Almaniya 2011-ci ildə imzalanmış Rusiya-Almaniya hökumətlərarası mədəniyyət və informasiya mərkəzləri haqqında sazişi ləğv edib. Qərar Berlindəki Rusiya Elm və Mədəniyyət Evinin fəaliyyətinin dayandırılmasına səbəb olub.
Rusiya səfiri Sergey Neçayev Almaniyanın Rusiyaya qarşı ittihamlarını “əsassız, absurd və sağlam düşüncəyə zidd” adlandırıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Moskvanın Almaniyanın addımlarına cavab verəcəyini açıqlayıb.
Xatırladaq ki, avqustun 4-də Almaniyanın Leypsiq/Halle hava limanında partlayıcı maddələrlə yüklənmiş dron aşkarlanıb. Dron Ukraynaya məxsus “Antonov” yük təyyarələrinin yaxınlığında tapılıb və zərərsizləşdirilib.
Jalə Rövşən