Moskva İrəvandan nə istəyir? - Hərbi təzyiq gözlənilir

Moskva İrəvandan nə istəyir? - Hərbi təzyiq gözlənilir
02.09.2026 16:00 Təhlil

Rusiya lideri Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana Avropa Birliyi ilə bağlı qərarı gecikmədən verməyi tapşırdı. Bilirik ki, İrəvan Qarabağdan sonra Rusiya təhlükəsizlik müqaviləsini dondurdu və Moskvanın ticarət blokunda qalaraq Brüsselə doğru irəlilədi. Dünənki görüş isə hərarətli keçdi. Görüşdən sonra hansı nəticəyə gəlmək olar? Putin Ermənistanla bağlı nə düşünür?

Sözügedən məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışıb.


O bildirib ki, böyük ehtimalla, yaxın bir neçə ay ərzində Rusiya Ermənistana qarşı siyasi və iqtisadi-ticari təzyiqləri gücləndirməyə çalışacaq.

Bu təzyiqlər sırasında isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından xaric edilməsi məsələsi, eyni zamanda Ermənistanın Avrasiya İqtisadi İttifaqından kənarlaşdırılması ilə bağlı məsələ ön planda ola bilər.

“Bu, Ermənistan üçün o qədər də asan olmayacaq bir situasiyanın yaranacağı anlamına gəlir. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa meylli olan Ermənistan Avrasiya İqtisadi İttifaqına hələlik möhtacdır. Ermənistanın bütün iqtisadiyyatı Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə bağlıdır.

Rusiya bazarlarının qapanması və Avrasiya İqtisadi İttifaqından çıxarılması Ermənistan iqtisadiyyatında xaos yarada bilər və çökmə prosesinin böyük sürətlə getməsinə yol aça bilər. Təbii ki, bunu Kremldə də bilirlər. Ona görə də ilkin mərhələdə, yəni indiki mərhələdə daha çox Ermənistana məhz bu istiqamətdən təzyiq göstərməyə çalışırlar”, – analitik qeyd edib.

Politoloq vurğulayıb ki, Kreml Ermənistanı seçim qarşısında qoymaq istəyir:

“İndi rəsmi İrəvan prinsipial qərar vermək məcburiyyətindədir. Yəni ya Avrasiya İqtisadi İttifaqında qalaraq Avropa Birliyi ilə yaxınlaşma hədəflərindən imtina etməlidir, ya da Avropa Birliyi ilə yaxınlaşma prosesini sürətləndirərək Avrasiya İqtisadi İttifaqından çıxmaq kimi təhlükəli, riskli bir addım atmaq məcburiyyətində qalacaq.

Rusiya da məhz Ermənistanı bu istiqamətdə sıxışdırmağa çalışır. Ümid edir ki, rəsmi İrəvan Ermənistan iqtisadiyyatının çökmə təhlükəsi qarşısında Qərblə yaxınlaşma niyyətindən imtina edə bilər”.

Ekspert mövcud situasiyada Paşinyan hakimiyyətinin Rusiyanın bu təzyiqlərinə boyun əymək istəmədiyini diqqətə çatdırıb:

“Rəsmi İrəvanın Qərblə münasibətləri və Rusiyadan uzaqlaşma niyyətləri kifayət qədər dərin xarakter daşıyır. Çünki Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında strateji tərəfdaşlıq barədə anlaşma əldə olunub. Eyni zamanda, Avropa Birliyinə üzvlüklə bağlı müraciət hazırlanır və yaxın vaxtlarda bunun təqdim olunacağı gözlənilir”.

O bildirib ki, bütün bunlara paralel olaraq, ABŞ və Ermənistan arasında Zəngəzur dəhlizinin, yaxud Ağ Evdə imzalanmış sənədə əsasən TRIPP layihəsinin reallaşdırılması ilə bağlı müqavilələr imzalanıb və bu layihənin icrası istiqamətində ilkin addımlar atılır.

Elçin Xalidbəyli sonda vurğulayıb ki, bütün bunların qarşılığında Ermənistanın ABŞ ilə anlaşmalardan imtina edərək, Avropa Birliyi ilə yaxınlaşma prosesindən vaz keçərək yenidən Rusiyanın orbitinə qayıda biləcəyi o qədər də inandırıcı görünmür:

“Bu da o deməkdir ki, yaxın aylarda Rusiyanın Ermənistana qarşı siyasi və iqtisadi-ticari təzyiqləri real nəticələr verməzsə, onda Kreml Ermənistana qarşı daha sərt addımların, hətta hərbi xarakterli addımların atılmasına belə əl ata bilər”.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər