Azərbaycanın "İstisu"yu dünya markalarına meydan oxuyur

Azərbaycanın "İstisu"yu dünya markalarına meydan oxuyur
02.09.2026 16:32 Sosial

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana “İstisu” mineral suyunu təklif edib. Həmin vaxt masada Gürcüstana məxsus “Borjomi” mineral suyunun da olması insanların siyasi mesajları bir kənara qoyaraq, hər iki suyun faydalarını və dadını müzakirə etməsinə səbəb olub.

Region ölkələrində əsrlər boyu formalaşan bu təbii mənbələr həm yerli əhalinin gündəlik tələbatını ödəyir, həm də müalicəvi əhəmiyyətinə görə kurort-sanatoriya sektorunun əsasını təşkil edir. 

Bəs, Azərbaycanın "İstisu"yunu digər ölkələrin mineral suyundan nə ayırır?

"İstisu" Kəlbəcər rayonunun eyniadlı mineral bulaqlarından çıxır. Bu su mədə-bağırsaq, maddələr mübadiləsi pozuntuları və dayaqlıq-hərəkət aparatı xəstəliklərinin müalicəsində geniş tətbiq olunur. “İstisu” adi təbii süfrə deyil. Onun tərkibində dəmir, yod, fosfor, sink, mis, nikel, maqnezium, eləcə də yod-brom və yüksək miqdarda litium kimi elementlər mövcuddur. 

Xüsusilə mədə-bağırsaq sistemi ilə bağlı problemlər, həzm pozuntuları, qaraciyər xəstəlikləri, öd kisəsi və digər daxili orqanlarla bağlı müalicə proseslərində “İstisu”dan istifadə oluna bilər. Lakin onun müalicəvi mineral su olduğunu nəzərə alaraq, istifadəsi zamanı miqdar və qəbul qaydalarına diqqət yetirmək, zərurət olduqda həkimlə məsləhətləşmək vacibdir. Ölkəmizin "Badamlı" və "Sirab" kimi fərqli mineral suları da mövcuddur.

Gürcüstanın qlobal miqyasda tanınan brendi "Borjomi" vulkanik mənşəli natrium-bikarbonatlı tərkibə malikdir. Güclü təbii qazlaşdırılması və spesifik duzlu dadı ilə seçilən bu su həzm sisteminin fəaliyyətini tənzimləmək xüsusiyyətinə görə yüksək qiymətləndirilir. Ölkənin digər məşhur brendi "Nabeqlavi" isə tərkibindəki yüksək hidrokarbonat və natrium göstəriciləri ilə "Borjomi"yə əsas alternativ sayılır.

Şimali Qafqaz regionu Rusiyanın əsas mineral su bazası hesab olunur. Regionda yerləşən Yessentuki bulaqlarından çıxarılan "Yessentuki №4" və "Yessentuki №17" əsasən, həkim nəzarəti altında müalicəvi məqsədlərlə qəbul edilir. Kislovodsk bölgəsinin "Narzan" suyu isə kalsium və maqneziumla zəngin, təbii qazlaşdırılmış müalicəvi-süfrə suyu kimi məşhurdur.

Qardaş Türkiyədə mineral sular, əsasən, "mədən suyu" adı altında istehlak edilir. Ölkənin ən köklü brendlərindən olan "Kızılay" Afyonkarahisar və Ərzincan bulaqlarından hasil edilir. Ankara regionuna aid "Beypazarı" isə yüksək mineral zənginliyi və rahat içimi ilə yerli bazarda aparıcı mövqeyə sahibdir. Türkiyənin mədən suları, əsasən, təbii qazlı struktura malikdir və yeməkdən sonra həzmi asanlaşdırmaq üçün kütləvi şəkildə istifadə olunur.

Ermənistanda ən çox tanınan mineral su markası "Cermuk"dur. Tərkibi natrium-hidrokarbonat və sulfatla zəngin olan bu su yüksək temperaturda yer səthinə çıxır və hidroterapiyada istifadə olunur.

Geoloji yerləşmə suların tərkibinə birbaşa təsir edir. Məsələn, Kəlbəcərin "İstisu" bulağı ilə Ermənistanın "Cermuk" suyu eyni geoloji və hidrotermal zonada yerləşdiyi üçün kimyəvi tərkib və temperatur baxımından analoji xüsusiyyətlər göstərir.

Rusiyanın "Yessentuki" kimi ağır minerallaşmış suları yalnız müalicəvi normativlərlə qəbul edildiyi halda, Türkiyənin "Kızılay" və "Beypazarı" suları yüngül tərkibinə görə gündəlik istifadəyə daha uyğundur. Azərbaycanın "Badamlı" və Gürcüstanın "Borjomi" suları isə həm müalicəvi xüsusiyyətləri, həm də genış kütləvi istehlak imkanları ilə balanslaşdırılmış kateqoriyaya aid edilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər