Çin G20-yə ETİRAZ ETDİ - Pekin İranı müdafiə edir, yoxsa öz maraqlarını?

Çin G20-yə ETİRAZ ETDİ - Pekin İranı müdafiə edir, yoxsa öz maraqlarını?
02.09.2026 18:18 Təhlil

G20 ölkələrinin maliyyə rəhbərləri arasında avqustun 1-də Şimali Karolinanın Eşvill şəhərində görüş baş tutub. Rəsmilər Hörmüz boğazından “azad, təhlükəsiz və proqnozlaşdırıla bilən naviqasiyanın” təmin edilməsinə çağırış ediblər. 

Görüşün yekunlarına dair yayımlanan bəyanatda enerji ticarətində davam edən pozuntuların narahatlıq doğurduğu, Hörmüz boğazında və dünya üzrə təhlükəsiz naviqasiyanın isə dayanıqlı iqtisadi artımın qorunması üçün vacib olduğu bildirilib. 

İclasda iştirak edən bütün G20 üzvləri bəyanatı dəstəkləyib. Yalnız Çin Hörmüzlə bağlı ifadələrin yer aldığı paraqrafa, eləcə də digər üç bölməyə etiraz edib.  

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov TodayPress TV-yə açıqlamasında bildirib ki, Hörmüz boğazından azad, təhlükəsiz və proqnozlaşdırılan naviqasiya çağırışını G20 ölkələrinin 19-nun dəstəkləməsi, Çinin isə həmin paraqrafa etiraz etməsi ilk baxışdan ziddiyyətli görünə bilər.  


Ekspertin sözlərinə görə, dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Çin üçün enerji daşımalarının və dəniz ticarətinin təhlükəsizliyi olduqca həyati əhəmiyyət daşıyır. O hesab edir ki, Pekinin etirazının mahiyyəti məhz naviqasiyanın təhlükəsizliyinə deyil, bu ifadənin mövcud müharibə kontekstində hansı siyasi nəticəyə xidmət edə biləcəyinə bağlıdır. Yəni, problem təhlükəsiz naviqasiyada yox, təhlükəsizliyin kim tərəfindən və hansı siyasi-hüquqi çərçivədə təmin ediləcəyi ilə bağlı fikir ayrılığındadır. 

“Çin artıq BMT-dəki mövqeyində bu məsələyə kifayət qədər aydın yanaşıb. Pekin İranın Körfəz ölkələrinə hücumlarını və Hörmüz boğazının blokadasını dəstəkləmədiyini, gəmiçilik yollarının təhlükəsizliyinin təmin edilməli olduğunu bildirib. Eyni zamanda, Çin hesab edir ki, boğazdakı problemin fundamental səbəbi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarıdır. Davamlı həll yolu isə atəşkəs və diplomatiyadan keçir”, - deyə siyasi şərhçi izah edib. 

R. Bayramovun fikrincə, Pekinin məntiqi ondan ibarətdir ki, Hörmüz boğazında təhlükəsizliyi bərpa etmək üçün yalnız İranın addımlarına deyil, bütövlükdə münaqişənin özünə yanaşmaq lazımdır. Əks halda, “azad naviqasiya” çağırışı ABŞ-nin İrana qarşı hərbi təzyiqini legitimləşdirən, sonrakı mərhələdə isə dəniz əməliyyatları, müşayiət missiyaları və ya digər hərbi mexanizmlər üçün siyasi zəmin yaradan formulaya çevrilə bilər.  

Politoloq hesab edir ki, bu kontekstdə Çinin İranla münasibətləri də mühüm rol oynayır: 

“Məlumdur ki, İran Çin üçün sadəcə diplomatik tərəfdaş deyil, enerji və geosiyasi baxımdan da strateji əhəmiyyətli ölkədir. Üstəlik, hazırkı müharibə İranın neft ixracına ciddi zərbə vurub və bunun nəticəsində Çinin İran neftinin əsas alıcısı kimi mövqeyi də risk altına düşüb”. 


Siyasi şərhçi bildirib ki, bu səbəbdən Pekinin davranışında iki paralel məqsəd güdülür: 

Birincisi: İranı tamamilə təcrid vəziyyətində qoymamaq. 

İkincisi: ABŞ-nin Hörmüz məsələsini öz hərbi-siyasi strategiyasının tərkib hissəsinə çevirməsinin qarşısını almaq. 

“Digər tərəfdən, Çin İranın bütün addımlarını müdafiə etmir. Pekin Körfəz ölkələrinin təhlükəsizlik narahatlıqlarını da legitim hesab edir və İranı regiondakı dövlətlərə hücumları dayandırmağa çağırır. Bu, Çinin özünəməxsus balans siyasətidir: bir tərəfdən İranı müdafiə edir, amma İranın bütün davranışlarını dəstəkləmir; digər tərəfdən ABŞ-ni tənqid edir, amma Hörmüzün bağlanmasını da qəbul etmir. Bu baxımdan, G20-dəki etiraz Pekinin həmin diplomatik xəttinin davamı kimi qiymətləndirilə bilər. Çin üçün əsas yanaşma budur: Hörmüz boğazı açıq qalmalıdır, lakin problemin həlli hərbi müdaxilə ilə deyil, atəşkəs və diplomatik dialoq yolu ilə təmin edilməlidir”, - deyə ekspert fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər