Paşinyan Kremldən sızan GİZLİ SİYAHINI AÇDI: Kreml İrəvanda kimə "Baş nazir olacaqsan" vədi verib?
Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışı İrəvanda siyasi temperaturu yenidən qaldırıb. Paşinyan 7 iyun parlament seçkiləri ərəfəsində Rusiyanın Ermənistan müxalifətinə hakimiyyət dəyişikliyi üçün “yaşıl işıq” verdiyini eyham edib.
TodayPress TV “Musavat.com”a istinadən xəbər verir ki, "Qolos Armeniya" nəşri Paşinyanın çıxışını təhlil edib.
Nəşrə görə, baş nazirin söylədikləri olduqca maraqlı mənzərə yaradır.
Paşinyanın sözlərinə görə, guya Kremlin ətrafından hansısa şəxsə “get, hər şey həll olunub, sən baş nazir olacaqsan” deyilib. Başqa sözlə, Paşinyanın təqdim etdiyi versiyaya əsasən, Moskva Ermənistanın siyasi hakimiyyətini seçki yolu ilə dəyişdirmək üçün müəyyən qüvvələrə ümid verib.
Ancaq burada daha böyük sual ortaya çıxır: Paşinyan həqiqətən Moskvadakı planlardan xəbərdardır, yoxsa Rusiyanı daxili siyasi repressiyalarına bəraət qazandırmaq üçün əsas hədəfə çevirib?
"Qolos Arneniya"nın yazdığına görə, Paşinyan uzun müddətdir ölkədəki real müxalifətin üzərinə “Putinin agentləri”, “FSB əməkdaşları” və “Rusiyanın beşinci kolonu” damğası vurur. Məqsəd isə müxalifəti siyasi rəqib kimi deyil, milli təhlükəsizliyə təhdid kimi göstərməkdir. Nəşr xüsusilə Samvel Karapetyanın gündəmə gətirdiyi “gizli plan”ı xatırladır. İddiaya görə, bu plana Rusiyanın Ermənistan iqtisadiyyatına təzyiq göstərməsi, bəzi erməni məhsullarının Rusiya bazarına çıxışının məhdudlaşdırılması və yaranacaq sosial-iqtisadi narazılıq fonunda əhalinin küçələrə çıxarılması daxil olub.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Natiq Mirinin sözlərinə görə, belə bir məlumatın dövriyyəyə buraxılması Paşinyan səviyyəsində göstərir ki, Paşinyan-Putin görüşü o qədər də rəvan olmayıb və Paşinyan istədiklərini Putinlə görüşdə əldə edə bilməyib. Ona görə belə bir məlumatın dövriyyəyə buraxılmasına ehtiyac yaranıb:

“O ki qaldı Ermənistan daxilindəki həbslərə haqq qazandırılması məsələsinə, açığı, bunlara haqq qazandırmaq üçün Paşinyanın elə bir ciddi siyasi-hüquqi ehtiyacı yoxdur. Yəni bunun üçün hüquqi-siyasi bəhanələrə ehtiyacı yoxdur
Çünki həbs olunan şəxslərin törətdiyi cinayətlər onilliklərdir ki, Ermənistanda bir gerçək olaraq qəbul olunur. Hətta cəmiyyətdə belə bir tələb də var ki, bu insanlar həbs olunsun. Sadəcə, Paşinyanın birinci hakimiyyəti dövründə, ən azı, məğlub bir rəhbər kimi mövqeləri zəif olduğuna və Rusiya ilə münasibətləri tamamilə korlamamaq üçün bu cür həbslərə gedə bilmədi. Ancaq indiki vəziyyətdə Nikol Paşinyanın hakimiyyəti cəmiyyətdə öz köklərini daha da dərinlərə nüfuz etdirə bilib və növbəti beşillik üçün xalqdan mandat alıb və bu məsələ, yəni həbslər parlament seçkilərindən sonra ortalığa atılmayıb. Seçkilər prosesində, xalqla görüşlər ərəfəsində də Nikol Paşinyan açıq şəkildə xalqa bəyan edirdi ki, bu şəxslərin yeri həbsxanadır və onlar həbsdə oturacaqlar. Bu gün baş verənlər xalqa verilən vədin yerinə yetirilməsidir. Sadəcə, bir qədər gecikmiş formada”.
N.Miri düşünür ki, Nikol Paşinyan bunun üçün xüsusi bir bəhanə axtarmır, buna ehtiyac da yoxdur. Çünki Robert Köçəryan kimi insanların əli məhz erməni qanına batıb:
“Martın 1-i hadisələri zamanı İrəvanın küçələrində insanlar kütləvi şəkildə güllələnib və bunlar Robert Köçəryanın əmri ilə baş verib. Eyni şeyi, digər cinayətləri də müxtəlif formalarda Serj Sarkisyan, Qaqik Tsarukyan kimi insanlar törədiblər. Çünki korrupsiya vasitəsilə, o cümlədən çirkli pulların yuyulması prosesi onilliklərdir Ermənistanda məhz bu şəxslər vasitəsilə həyata keçirilir. Ona görə də bunlara bəraət qazandırmağa ehtiyac yoxdur. Bunun üçün hüquqi, siyasi əsaslar mövcuddur”.
Qiymət Mahir
TodayPress TV