Şanxay qurumu: ABŞ-yə qarşı vahid cəbhə?
Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti fonunda ABŞ-nin qlobal təsirinə qarşı mövqelərin gücləndirilməsi əsas mövzulardan biridir. Avropa Parlamenti sammiti açıq şəkildə ABŞ-nin təsirinə qarşı balans yaratmaq cəhdi kimi qiymətləndirir. ŞƏT-də ABŞ-yə qarşı vahid cəbhə yaranır?
Sözügedən mövzu ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə danışıb.
O bildirib ki, Şanxay Əməkdaşlıq Sammitinin əsas mövzularından biri çoxqütblü dünyanın yaradılmasıdır. Burada açıq şəkildə ABŞ-nin hegemonluğuna qarşı çıxılmasa da, hər halda aydındır ki, Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri və üzv olmaq istəyən dövlətlər ABŞ-nin apardığı siyasətdən, beynəlxalq hüquqla hesablaşmamasından, dövlətlərin suverenliyinə hörmətlə yanaşmamasından narahatdırlar.
"Eyni zamanda onlar açıq şəkildə ABŞ-yə qarşı cəbhə yaratmaq fikrini də irəli sürmürlər. Bu da aydındır, çünki təşkilat üzvlərinin bir neçəsi ABŞ ilə sıx əməkdaşlıq qurub və bu əməkdaşlıqdan faydalanır. Digərləri onunla münasibətləri qorumaq istəyirlər. Hətta Çinin özü də neçə ildir ABŞ-nin yeritdiyi siyasətdən narahat olsa da, onunla normal münasibətlər qurmağın tərəfdarıdır və Çin rəhbəri açıq şəkildə dedi ki, biz bu təşkilatı kiməsə qarşı bloka çevirmək niyyətində deyilik".
O qeyd edib ki, bu, düzgündür. Çünki ABŞ Çinin ən böyük ticarət tərəfdaşlarından biridir və onunla münasibətlərin normal olmasında həm Çin, həm də ABŞ maraqlıdır.
“Ancaq o da danılmazdır ki, bir ölkə prezidentinin yatağından qaldırılaraq həbs olunması, dövlətlərin bir-birinə qarşı ərazi iddiaları irəli sürməsi və təhlükəsizlik konsepsiyasında ABŞ-ni qane etməyən dövlət liderlərinin hakimiyyətdə qala bilməməsi, təbii ki, hamını narahat edir. Bu davranış və münasibət hamını ciddi şəkildə düşünməyə məcbur edir”, – analitik əlavə edib.
Abutalıb Səmədov sonda xüsusilə vurğulayıb ki, ŞƏT-ə daxil olan dövlətlərin liderləri kifayət qədər təcrübəli və müdrik siyasətçilərdir. Onlar da anlayırlar ki, ABŞ-yə qarşı cəbhə almaq bu təşkilatın üzvü olan dövlətlərə kifayət qədər problemlər yarada bilər.
Jalə Rövşən