Merkel Almaniya prezidentliyinə namizəd olmayacaq: “Bu, absurddur”
Almaniyanın keçmiş kansleri Angela Merkel Buxarestdə memuarlarının təqdimatı zamanı bildirib ki, Almaniya Federativ Respublikasının yeni prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətində deyil və belə təklifi absurd hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.
“Federal prezident vəzifəsinə gəlincə... Bu, absurddur. Mən bununla məşğul olmaq istəmirəm. 30 il siyasətdə olmuşam, 16 il federal kansler vəzifəsində çalışmışam. Bu iş mənə çox xoş gəlirdi, baxmayaraq ki, çox ağır və mürəkkəb idi. Mən bundan zövq alırdım, amma indi həyatda başqa işlərlə məşğul ola bildiyim üçün çox xoşbəxtəm”, – deyə Merkel ona növbəti federal prezident olmaq təklifinin edilib-edilmədiyi barədə suala cavabında bildirib.
Keçmiş kanslerin sözlərinə görə, həyatda məşğul olmaq üçün çoxlu başqa gözəl işlər var.
Qeyd edək ki, yanvar ayında keçiriləcək prezident seçkiləri ərəfəsində keçirilən sorğuya əsasən, Merkel Almaniya prezidentliyi üçün potensial namizədlər siyahısına başçılıq edib. RTL və ntv telekanalları üçün Forsa İnstitutu tərəfindən avqustun 5-6-da 1000 respondent arasında keçirilən sorğunun nəticələrinə görə, almanların Merkelin namizədliyi ilə bağlı fikirləri bölünüb. Respondentlərin 47 faizi onu uyğun namizəd hesab etdiyi halda, 48 faizi əks fikirdə olub.
Almaniyanın növbəti prezidentinin seçilməsi 30 yanvar 2027-ci il tarixinə təyin edilib. Federal prezident Almaniyada dövlətin ən yüksək vəzifəli şəxsidir. 2017-ci ildən etibarən Almaniya prezidenti vəzifəsini Frank-Valter Ştaynmayer (SPD) tutur.
Qiymət Mahir