Azərbaycan məhkəməsi bu cütlüyü axtarır: Köçəryan-Sarkisyan üçün Bakıda qapalı barmaqlıqlar
Təhlil
12.05.2026 14:53
Prezident İlham Əliyevin Ermənistandakı siyasi proseslərlə bağlı son xəbərdarlıqları regionun gələcək mənzərəsini müəyyən edən strateji yol xəritəsi xarakteri daşıyır. İlham Əliyev Zəngilana səfəri zamanı bildirdi: "Azərbaycana nifrətlə yaşayan dairələr hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq".

Dövlət başçısı açıq şəkildə bəyan edir ki, Azərbaycana nifrət üzərində siyasət quran revanşist dairələrin yenidən hakimiyyətə gəlməsi Ermənistan xalqı üçün növbəti və daha ağır bir faciənin başlanğıcı ola bilər. Bu mesaj, əslində, Ermənistan cəmiyyətinə uzadılan sülh əli olmaqla yanaşı, həm də yanlış seçimin doğuracağı qaçılmaz nəticələr barədə ciddi xəbərdarlıqdır.
Xüsusilə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində daxili və xarici revanşist qüvvələrin aktivləşməsi vəziyyəti daha da gərginləşdirir. Karapetyan kimi fiqurların təşkil etdiyi mitinqlər və xarici dəstəklə formalaşdırılan "anti-Paşinyan" cəbhəsi göstərir ki, müəyyən dairələr Ermənistanı yenidən 30 illik bataqlığa — terrorçu və səhra komandirlərinin idarəçiliyinə qaytarmaq istəyirlər.
Bu nöqtədə Ermənistan xalqı üçün kritik bir sual yaranır: Tarixi sülh fürsəti, yoxsa Köçəryan-Sarkisyan cütlüyünün siyasi irsi ilə silahlanmış yeni bir fəlakət?

Əgər ssenari yenidən revanşist iddialar üzərində qurulacaqsa, Azərbaycanın cavabının qəti və cəzalandırıcı olacağı şübhəsizdir. İndi Ermənistan xalqı öz siyasi müqəddəratını düzgün müəyyən etməli və regiona vəd edilən tarixi sülh şansını əldən verməməlidir.
Jalə Rövşən
tag: Ermənistan ,Revanşist ,Robert Köçəryan ,İlham Əliyev ,Todaypress.tv,
