Azərbaycan Almaniya bazarına daxil oldu - tarixi ilk yaşanır
2026-cı ilin yanvar ayından etibarən Azərbaycan təbii qazı Trans-Adriatic Pipeline vasitəsilə Almaniya və Avstriya bazarlarına daxil olub. Bununla da Azərbaycan qazının ixrac coğrafiyası 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qədər genişlənib.
Bu hadisə sadəcə növbəti kommersiya razılaşması yox, həm də Azərbaycanın enerji siyasətində mühüm strateji addımdır.
Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı enerji mənbələrinin diversifikasiyasını sürətləndirmək məcburiyyətində qalıb. Almaniya və Avstriya kimi Avropanın aparıcı ölkələrinin Azərbaycan qazına çıxış əldə etməsi Cənub Qaz Dəhlizinin Avropada etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirir.
Bu, Azərbaycanın Avropa enerji bazarında strateji əhəmiyyətini artırır və onu əsas qaz təchizatçılarından birinə çevirir.
Əvvəllər əsasən İtaliya, Yunanıstan, Bolqarıstan və Türkiyə bazarlarına yönələn Azərbaycan qazı artıq daha geniş Avropa bazarına çıxış əldə edir. Bu, ixrac risklərinin azalmasına, gəlir mənbələrinin daha sabit formalaşmasına və ölkənin valyuta daxilolmalarının artmasına imkan yaradır.
Uzunmüddətli müqavilələr perspektivində bu tədarüklər dövlət büdcəsinin gəlirlərinin artmasına və qaz gəlirlərinin daha səmərəli şaxələndirilməsinə mühüm töhfə verə bilər.
Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən bu ixrac marşrutu layihənin tam potensialını ortaya qoyur. Artıq bu təşəbbüs regional enerji layihəsindən çıxaraq Avropa miqyasında strateji enerji infrastrukturu statusu qazanıb. Gələcəkdə TAP-ın ötürücülük gücünün artırılması da yeni iqtisadi və geosiyasi imkanlar yarada bilər.
Bu addımla Azərbaycan həm Qərb ölkələri ilə enerji əməkdaşlığını dərinləşdirir, həm də enerji siyasətində müstəqil və çoxvektorlu kursunu davam etdirir. Ölkə eyni zamanda həm Avropa, həm də regional bazarlar üçün etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.
Bəs gözlənilən təsirlər nələrdir?
İqtisadi gözləntilər: əlavə valyuta daxilolmaları, SOCAR-ın beynəlxalq bazarlardakı gəlirlərinin artması.
Siyasi gözləntilər: Azərbaycanın Avropa İttifaqı ilə enerji dialoqunda mövqeyinin güclənməsi.
Enerji təhlükəsizliyi gözləntilər: Avropanın ənənəvi enerji mənbələrindən asılılığının azalmasına real töhfə.
Almaniya və Avstriyaya qaz tədarükünün başlaması Azərbaycanın enerji diplomatiyasının növbəti mühüm uğurudur.
Bu addım ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq arenada etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir.
Jalə Rövşən