Ağ Evdən GİZLİ MESAJ: Vaşinqton və Moskva razılaşıb?
Təhlil
30.03.2026 15:08
Rusiya İrana dəstəyini əhəmiyyətli dərəcədə artırıb. Bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Qeyd olunub ki, dəstəyə ABŞ-nin hərbi mövqelərinə qarşı hücumlarda istifadə oluna biləcək dron texnologiyaları, peyk görüntüləri, zərbələrin koordinasiyası və hədəf kəşfiyyatı daxildir.
Sual yaranır, Trampın İranla qarşıdurma səngiyəndən sonra bu artan dəstəyə görə Rusiyaya qarşı “ölçü götürəcəyi” gözlənilirmi?
Sözügedən məsələni siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə şərh edib.

Onun sözlərinə görə, Rusiyanın İrana yardım etməsi hamıya məlumdur:
“Hətta ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya nümayəndələrindən xahiş etmişdi ki, bu yardımları dayandırsın. Buna baxmayaraq, Prezident Donald Tramp bir neçə dəfə Ukrayna məsələsinə münasibət bildirdi və hər dəfə də Rusiya Prezidenti Vladimir Putinin sülh istədiyini söylədi, Ukrayna lideri Volodimir Zelenskini isə sülhü ləngitməkdə və danışıqlarda qeyri-konstruktiv mövqe tutmaqda günahlandırdı. Oxşar xarakterli bəyanatı dövlət katibi Marko Rubio da verdi və Zelenskini yalan danışmaqda ittiham etdi”.
Analitik Rusiyanın İrana yardım etməsinə baxmayaraq, Tramp və komandasının Putinə dəstək dolu bəyanatlar verməsini belə izah edib:

“Səbəb aydındır: Yaya qədər Rusiya-Ukrayna sülh sazişinin imzalanmasına nail olmaq lazımdır. Bu isə yalnız bir halda mümkündür – Ukraynaya təzyiqlər artırılsın və Zelenski ərazi güzəştlərinə məcbur edilsin. Tramp yaxşı başa düşür ki, Rusiya təzyiq yolunu seçsə, münaqişə bir az da uzanacaq və o öz məqsədinə – sülh sazişini imzalatmağa – nail ola bilməyəcək”, - analitik əlavə edib.
A.Səmədov vurğulayıb ki, bundan sonra Rusiyaya qarşı Trampın mövqeyinin kəskinləşməsi gözlənilmir:
“Eyni xətt davam edəcək. Məlumdur ki, neft satışında da Rusiyaya müəyyən güzəştlər edilib və ola bilsin ki, yaxın aylarda bu güzəştlər davam etdirilsin, çünki neftin qiymətinin qalxması Tramp üçün ciddi narahatlıq doğurur. Bir sözlə, Rusiyaya güzəştlər Trampın maraqlarına uyğundur və buna görə də bu siyasət bundan sonra da davam etdiriləcək; əsas təzyiqlər isə Putinə deyil, Zelenskiyə qarşı ediləcək”.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara fevralın 28-də başlayıb.
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,Vaşinqton,Moskva ,Todaypress.tv,
