ABŞ və İran arasında gizli görüşlər niyə dayandı? - Pakistanın planı çökür

Təhlil

14.05.2026 11:50

"Pakistanın ABŞ ilə İran arasında vasitəçilik təşəbbüsləri hələlik nəticə verməyib".

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.


Onun sözlərinə görə, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bir neçə gün əvvəl ABŞ ilə İran arasında gərginliyin azaldılması üçün diplomatik təşəbbüslərin davam etdiyini açıqlayıb. Nazir İslamabadda aparılan məsləhətləşmələrin sülh yolu ilə nəticələnəcəyinə ümid etdiyini və prosesin bir neçə ölkə tərəfindən dəstəkləndiyini vurğulayıb:

"Vaşinqton və Tehran arasında danışıqlarda real irəliləyiş yoxdur. Tərəflər bir-birlərinə təqdim etdikləri təklifləri qəbul etmirlər və Pakistanın vasitəçilik səylərinə baxmayaraq, İslamabadda keçirilən ilk görüşdən sonra ikinci görüş baş tutmayıb. Pakistanın vasitəçilik təşəbbüsü xüsusilə Çinin maraqlarına uyğundur. Çin ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və Pekin İslamabadın vasitəçiliyinin müsbət nəticə verəcəyinə ümid edir".

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında Pekində keçirilən görüş zamanı “Hörmüz boğazı” məsələsi də diqqət mərkəzində olub. 

"Çin boğazda yaranmış problemin qısa müddətdə həllini istəyir. Vaşinqton da tankerlərin sərbəst hərəkətinin bərpasında maraqlıdır. Lakin bunun üçün ABŞ və İran arasında razılaşma əldə edilməlidir. Pekin “Hörmüz boğazı”nın açılması üçün Tehrana təzyiq göstərmək niyyətində deyil və bu məsələ Vaşinqtonla Pekin arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır".

Siyasi şərhçi əlavə edib ki, ABŞ daxilində də Pakistanın vasitəçiliyinə skeptik yanaşanlar var. Respublikaçı senator Lindsi Qrem Pakistanın İrana yaxın davranmaqda ittiham olunduğunu bildirib və vasitəçi roluna etimad etmədiyini deyib.

"Senatorun sözlərinə görə, əgər İranın hərbi təyyarələri həqiqətən Pakistan bazalarında yerləşdirilibsə, Vaşinqton başqa vasitəçi axtarmalıdır. O qeyd edib ki, “Pakistana mümkün olan qədər etibar etmirəm. Belədirsə, başqa vasitəçi tapmalıyıq”. İranın Pakistana təqdim etdiyi bəzi tələblərin ABŞ-yə daha yumşaq formada çatdırıldığı barədə məlumatlar yayılıb. Bu isə bir müddət Vaşinqtonda Tehranın Ağ Evin tələblərini qəbul etməyə hazır olduğu barədə yanlış təsəvvür yaradıb". 

Elxan Şahinoğlunun fikrincə, gerçəkdə isə İran rəhbərliyi əvvəlki mövqeyindən geri çəkilməyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elxan Şahinoğlu,Politoloq,ABŞ,İran,Pakistan,Todaypress.tv,