ABŞ Suriyanın şərqindən də çəkildi: Böyük plan nədir?
Təhlil
12.02.2026 21:49
ABŞ qoşunları Suriyanın şərqindəki Ət-Tanf hərbi bazasını boşaldıb və orada yerləşən qoşunları İordaniyaya köçürüb.
Hazırda Suriya hərbi bölmələri həmin hərbi bazada yerləşdirilir.
Maraqlıdır, bu addım Vaşinqtonun regiondan mərhələli şəkildə geri çəkilməsi kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli TodayPress TV-yə danışarkən bildirib ki, Vaşinqtonun Suriyadakı hərbi bazasını İordaniyaya köçürməsi bölgədən geri çəkilmək deyil, əksinə regiona nəzarəti gücləndirmək məqsədi daşıya bilər.

O vurğulayıb ki, ABŞ son dövrlər Yaxın və Orta Şərqdə fəal hərbi manevrlər həyata keçirir və bu, region uğrunda mübarizənin davam etdiyini göstərir.
Analitikin sözlərinə görə, Suriyadakı bazanın boşaldılmasını iki ehtimalla izah etmək mümkündür:
“Birinci ehtimala əsasən, ABŞ-nin Suriyanı tərk etməsi terrorizmin yenidən dirçəlməsi üçün zəmin yarada və ölkəni idarəolunmaz vəziyyətə sala bilər ki, bu da qonşu dövlətlər üçün təhlükə deməkdir. Bu halda İsrailin Suriyadakı planlarına da yaşıl işıq yandırılmış olur”.
Siyasi şərhçi vurğulayıb ki, ikinci ehtimal Suriyadan çıxarılan hərbi birləşmələrin İran ətrafında mövqelərin gücləndirilməsi məqsədilə istifadə olunması ilə bağlıdır.
Politoloq hesab edir ki, ABŞ İrana təsir imkanlarını artırmaq və gələcəkdə mümkün hərbi müdaxilə üçün həmin qüvvələrdən yararlana bilər.
Qeyd edək ki, Ət-Tanf hava bazası Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. O, 2016-cı ildə İŞİD yaraqlıları ilə mübarizə aparmaq üçün yaradılıb.
Aysel Mətləb
tag: ABŞ,Suriya,Baza,Hərbi,Mütəllim Rəhimli,Todaypress.tv,
