131 illik həll olunmayan problem: Britaniya mirası regionu qana bulayır

Təhlil

22.04.2026 18:19

Pakistanla Əfqanıstan arasında münasibətlər uzun illərdir ki, xüsusilə Durand xətti ətrafında yaranan sərhəd mübahisəsi və təhlükəsizlik problemləri fonunda gərgin olaraq qalır. 

Maraqlıdır, bəs bu münaqişənin əsas səbəbləri nədir? 

Sözügedən mövzunu siyasi analitik Aydın Tağıyev TodayPress TV-yə şərh edib. 


O bildirib ki, bu, demək olar ki, Durand xətti mübahisəsidir: 

“Tarixə nəzər salsaq, 1893-cü ildə Britaniya tərəfindən çəkilmiş sərhəd xətti Əfqanıstan tərəfindən heç vaxt tam tanınmayıb. Bu isə mütəmadi olaraq sərhəd postlarında toqquşmalara və qan tökülməsinə səbəb olur. Bu münaqişədə Pakistan iddia edir ki, anti-Pakistan silahlı qruplar Əfqanıstan ərazisində gizlənir və hücumlar təşkil edir. Digər tərəfdən, daxili motivlərə nəzər yetirdikdə hər iki ölkədə hökumətlər sərt mövqeləri daxili legitimlik üçün istifadə edir, kompromis isə zəiflik kimi qəbul olunur. Bu ilin fevralından Pakistan Kabul və Kandahara hava zərbələri endirdi, bunu “açıq müharibə” adlandırdı. Taliban hökuməti dron hücumları ilə cavab verdi, qaynar nöqtə artıq kritik həddə çatdı”.


Analitik diqqətə çatdırıb ki, hətta Ramazan Bayramı zamanı müvəqqəti atəşkəs elan olunsa belə, bayramdan sonra yenidən artilleriya və hava hücumları başlayıb:

“Münaqişə artıq ikinci aya keçir, sərhəd bölgələrində mülki itkilər artır, yüzlərlə insan həlak olub və yaralanıb. Bu da ciddi humanitar və qaçqın böhranlarına gətirib çıxaracaq. Region ölkələri üçün də bu hal qaçılmazdır”.

Onun sözlərinə görə, humanitar böhran gündən-günə artır. Sərhəd bölgələrində yüzlərlə mülki şəxs, o cümlədən uşaqlar və humanitar işçilər həlak olub. Minlərlə insan köçkün vəziyyətinə düşüb. Mövcud münaqişə regional sabitlik riskini çox ciddi şəkildə poza bilər. Münaqişə yalnız Pakistan və Əfqanıstanı deyil, həm də Orta Asiya və Hindistanı təsir edə bilər.

A.Tağıyev qeyd edib ki, burada xarici aktorların rolu da böyükdür:

“Münaqişə həm də böyük güclərin regiondakı maraqları ilə əlaqəlidir, sərhəd böhranı geosiyasi rəqabəti günbəgün dərinləşdirir. Burada Əfqanıstan Taliban hökuməti sərhəd məsələsini milli suverenlik simvolu kimi təqdim edir və kompromisdən qaçır. Digər tərəfdə dayanan Pakistan İslamabad isə sərhəd təhlükəsizliyini prioritet sayır, lakin sərt hərbi cavab daxildə siyasi güc nümayişi kimi istifadə olunur”.


Analitik sonda əlavə edib ki, münaqişənin davamı regional sabitliyi daha da zəiflədəcək: 

“Durand xətti münaqişəsi tarixi kökləri olan, lakin hazırda daxili siyasi motivlər və militant faktorlarla qızışdırılan bir böhrandır. Diplomatik vasitəçilik olmadan bu qarşıdurma “dondurulmuş münaqişə” mərhələsindən “açıq müharibə” mərhələsinə keçə bilər”.

Jalə Rövşən

TodayPress TV

tag: Aydın Tağıyev ,Pakistan ,Əfqanıstan ,"Durand",Todaypress.tv,