10 illik həsrət: Gənclər niyə 2016-cı ilə qayıdır?

Təhlil

01.05.2026 12:03

2026-cı ilin ilk aylarında rəqəmsal dünyanı bürüyən “2026 is the new 2016” trendi sadəcə keçmişə duyulan estetik bir həsrətdir, yoxsa müasir internet mədəniyyətinin yaşadığı dərin böhranın vizual etirazı?

Bu fenomen TikTok və Instagram-ın dərinliklərindən ironik bir "Gen Z" zarafatı kimi çıxsa da, qısa müddətdə generativ süni intellektin (AI) yaratdığı ruhsuz məzmun selinə — yəni "AI slop" dediyimiz keyfiyyətsiz kontentə qarşı səmimi bir üsyana çevrildi.  Bu  axın, sadəcə köhnə paltarları və ya mahnıları geri gətirmək deyil.

Bu, süni intellektin (AI) yaratdığı saxta və ruhsuz paylaşımlardan bezən insanların səmimiyyətə qayıdışıdır. İnsanlar artıq hər yerdə gördükləri o mükəmməl, amma süni görünən şəkillərdən, videolardan yorulublar. Bu yorğunluq onları 10 il əvvələ — 2016-cı ilə, hər şeyin daha təbii və sadə olduğu vaxtlara aparır.

Bu trendin əsas səbəbi rəqəmsal dünyada "insan nəfəsi" axtarmaqdır. 2025-ci ildə internet o qədər süni məzmunla doldu ki, artıq heç kim gördüyü şeyin reallığına inanmır. Buna görə də gənclər bilərəkdən köhnə, keyfiyyəti bir az aşağı olan, amma real duyğuları əks etdirən şəkillər paylaşmağa başladılar. 2016-cı il bu mənada rəmzi bir il seçilib. Çünki o vaxt internet hələ bu qədər mürəkkəb hesablamalarla (alqoritmlərlə) idarə olunmurdu, paylaşımlar daha plansız və səmimi idi.

Psixoloji tərəfdən baxanda, dünya hazırda çox gərgin bir dövrdən keçir. İqtisadi çətinliklər və siyasi gərginliklər insanları 10 il əvvəlki o qayğısız günlərə sığınmağa məcbur edir. Bir növ, keçmişin sadəliyi bugünkü mürəkkəblikdən qaçmaq üçün bir qapı rolunu oynayır. Gənclər uşaqlıq illərinin o şən ruhunu indiki vaxta gətirməyə çalışırlar.

Bu vəziyyət şirkətlər və reklamçılar üçün də böyük bir siqnaldır. İnsanlar artıq çox bəzədilmiş, bahalı reklamlar yox, içində səhvləri olan, təbii və səmimi hekayələr görmək istəyirlər.

Əgər 2025-ci il "süni intellektin partlayış ili" idisə, 2026-cı il internetin yenidən "insanlaşma" ili olacaq. Bu axın bizə bir şeyi xatırladır: texnologiya nə qədər inkişaf etsə də, biz həmişə real insan toxunuşuna və səmimi duyğulara ehtiyac duyacağıq. Bu bizim təbiətimizdə var.

Jalə Rövşən

tag: 2026,Trend,2016,Gen Z,TodayPress TV,