SXA: 133 uşağın dərsə davamiyyəti bərpa olunub
Sosial
19.01.2026 11:36
“2025-ci ildə risk qrupuna aid uşaqların qorunması məqsədilə məktəblərdə sosial-psixoloji qiymətləndirmə və ailələrlə sosialyönümlü iş aparılıb”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, artıq 3 ildir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Təhsildə sosial iş” xidməti həyata keçirilir:
“Bu xidmət çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanmasına və onlarla sosial-psixoloji işin aparılmasına yönəlib “Təhsildə sosial iş” xidməti məktəblilərə və onların ailələrinə sosial xidmətlərin göstərilməsini, uşaqların sosial uğurlarının dəstəklənməsini, müdafiəsinin təmin olunmasını, zorakılıq və pis rəftarın qarşısının alınmasını, həmçinin bu sahədə məlumatlılığın artırılmasını hədəfləyir”.
2025-ci il ərzində Agentliyin sosial işçiləri tərəfindən 414-ü yeni olmaqla ümumilikdə 685 məktəbə səfər edilib, əməkdaşlıq edilən məktəblərin sayı isə 1140-a çatdırılıb.
Qeyd olunan dövrdə 1392 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb, vəziyyəti daha riskli hesab edilən 320 uşağın ailələrinə səfər edilərək ətraflı qiymətləndirmə həyata keçirilib.
Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, 133 uşağın dərsə davamiyyəti bərpa olunub. Baxımsız və kimsəsiz uşaqlar Agentliyin Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəzi uşaqlar fərdi təhsilə yönləndirilib, eləcə də loqopedə cəlb edilərək müsbət nəticə əldə olunan uşaqlar olub.
Bildirilib ki, hesabat dövründə 142 ailə üçün fərdi inkişaf planı da hazırlanıb.
Qiymət Mahir
tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,
