Sabah dərslər başlayır, nəqliyyat "iflic" vəziyyətindədir

Sabah dərslər başlayır, nəqliyyat "iflic" vəziyyətindədir
14.09.2026 10:40 Sosial

Bakının “28 May” metro stansiyası ərazisində 1 və 2 nömrəli marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı narazılıq yaranıb. Xüsusilə səhər saatlarında, işə və təhsil müəssisələrinə gedən sərnişinlərin çox olduğu pik vaxtlarda avtobusların uzun müddət gözlənilməsi ciddi çətinlik yaradır.

TodayPress TV-nin qaynar xəttinə daxil olan sərnişin şikayətlərinə görə, bəzən 1 və 2 nömrəli avtobusların heç biri 15 dəqiqədən artıq müddətdə dayanacağa yaxınlaşmır. Bu isə insanların işə gecikməsinə, nəqliyyatda sıxlığın artmasına və dayanacaqlarda böyük sərnişin kütləsinin yaranmasına səbəb olur.

Sabah — 15 sentyabrda yeni tədris ili başlayır. Dərslərin başlaması ilə səhər saatlarında sərnişin axınının kəskin artacağı nəzərə alınaraq, qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Belə vəziyyətlərdə marşrut xətlərində əsas avtobuslardan əlavə, ehtiyat nəqliyyat vasitələrinin hazır saxlanılması və zərurət yarandıqda xəttə buraxılması məqsədəuyğundur. Lakin sərnişinlərin müşahidələrinə görə, pik saatlarda yaranan interval problemini operativ aradan qaldıracaq əlavə avtobuslar görünmür.

Sərnişinlər aidiyyəti qurumlardan 1 və 2 nömrəli avtobusların hərəkət qrafikinə nəzarətin gücləndirilməsini, xüsusilə səhər pik saatlarında intervalların optimallaşdırılmasını və ehtiyat nəqliyyat vasitələrinin xəttə cəlb olunmasını xahiş edirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) və "BakuBus"dan sorğumuza cavab verilməyib.

Yenə də qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər